AZ   |   RU
Ulu öndəri ehtiramla anırıq



Məlumdur ki,hər bir xalqın tarixində,o dövlətin qurulmasında,inkişaf etməsində mühüm rol oynamış şəxsiyyətlər olur.Hansı ki həmin şəxsiyyətlər tarixin müəyyən bir zamanında ölkəsini, xalqını ən ağır sınaqlardan çıxararaq əbədiyyət zirvəsinə ucalırlar. Azərbaycanın şanlı səhifələrlə dolu müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucu lideri Heydər Əliyev də belə dahilərdəndir.Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir.


Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.Artıq illərdir ki, Heydər Əliyev cismən aramızda yoxdur.Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycanda əsl el məhəbbəti ilə qeyd olunur.Çünki,Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Məhz o illərdə qoyulan möhkəm iqtisadi təməl bu günümüz üçün əsas oldu.


"Xalqa xidmət etmək üçün onu sevmək azdır” - deyirdi Azərbaycan xalqının böyük oğlu.Çünki,Heydər Əliyev Respublikanın problemlərini, çətinliklərini düzgün və obyektiv şəkildə müəyyənləşdirməklə, onların aradan qaldırılması, həlli üçün böyük qətiyyət və prinsipiallıq nümayiş etdirirdi. Bütün bunların nəticəsi kimi hələ Ulu Öndərin fəaliyyətinin ilk vaxtlarından Respublikaya vətənini və xalqını sevən bir şəxsin rəhbərlik etdiyi göz önündə idi.

Dahi Şəxsiyyətin həyat yolunu demək olar ki, bütün Azərbaycan xalqı əzbər bilir və onun öndərliyini, millətinə və Azərbaycanına olan sevgisini heç zaman unutmur.Müdrik siyasətçinin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində o qədər ibrətverici məqamlar var ki..


Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı.Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. 

Böyük siyasətçilərdən birinin dediyi fikrə nəzər salaq: “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!”


Bəli,Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Bəli,bu gün dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ruhu şaddır. Çünki,onun vəsiyyəti siyasi varisi, ölkə başçısı İlham Əliyev tərəfindən yerinə yetirildi.Torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İldən-ilə güclənən Azərbaycan, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Bu gün qürur və fəxrlə deyə bilirik: Azərbaycan bütövdür, Azərbaycan tamdır və dövlət suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunub.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan  Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən dediyi sözlər yaddaşımızdan heç vaxt silinməyəcək: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”


Azərbaycanda 2023-cü ilin ulu öndərin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılandı. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Dahi şəxsiyyətin gördüyü işlərin miqyası o qədər böyükdür ki, bunu sözlə yalnız belə ifadə etmək olar: bütöv xalqa və tarixə yaxşılıq. İnsan üçün bu yaxşılığın müqabilində yaddaşlarda daimi minnətdarlıq duyğuları ilə yaşamaqdan gözəl nə ola bilər?!


 Bu gün Ulu Öndərin anım gününü bütöv Azərbaycan, Qarabağlı Azərbaycan qeyd edir! Ümummilli liderimiz Heydər Əliyevi qürur, hörmət və ehtiramla anırıq!


Nurlana Əhmədova

Missiya.Az



  • 11-12-2023, 23:34