AZ   |   RU
Azərbaycan xalqının qəhrəman oğlu - Ulu Öndər Heydər Əliyev

Bəşər tarixi mövcud olduğu müddət ərzində bir çox dahi şəxsiyyətlər görmüş və özündən sonra silinməz izlər qoyan liderlər tanımışdır. Hər bir ölkənin, hər bir xalqın tarixində belə şəxsiyyətlər vardır, onlardan biri də Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevdir. 


Heydər Əliyev xalqın igid və cəsarətli oğlu olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin və Azərbaycan xalqının xilaskarı idi. Onun cəsarəti, əzmi və vətəninə, xalqına, millətinə olan sevgisi sayəsində bu gün Azərbaycan Respublikası azad və firavan yaşayır. Bütün həyatını, ömrünü xalqının və millətinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, onların müstəqil və sülh içində yaşamasına həsr edən ulu öndər sonsuza qədər Azərbaycan xalqının ürəyində yaşayacaqdır. 


Ən çətin, ən məşəqqətli bir dövrdə hakimiyyətə gəlməsi onun öz dövləti üçün nələr edə biləcəyini gözlər önünə sərirdi. Bu gün ölkəmizin adının dünyanın və regionun aparıcı  ölkələrlə yanaşı hallanması heç də asanlıqla əldə edilməmişdir. Xalq Heydər Əliyevin siyasi zəkasına, güclü iradəsinə arxalanaraq onu özünə lider seçdi və ona bir qurtarıcı gözü ilə baxdı. Ulu öndər xalqı yanıltmadı və bütün dövrlərdə öz xalqına, dövlətinə şərəflə, ləyaqətlə xidmət etdi. Ümummilli lider həmişə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, layiqli həyat səviyyəsinin təmin edilməsi, ölkənin sülh və sabitlik içində yaşaması, dövlətinin iqtisadi və siyasi həyatının inkişafı üçün çalışmışdır. Dahi şəxsiyyətin ən böyük məqsədlərindən biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların mənəvi dəyərlərini, milli əxlaqi prinsipləri qoruması idi. 


Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində ölkənin dirçəlməsi üçün mühüm tədbirlər görmüş, islahatlar həyata keçirmiş, ölkə quruluşunun möhkəmləndirilməsi naminə bir çox qanunlar qəbul etmişdir. Ən başlıca addımlardan biri də ölkənin ali qanununun – Konstitusiyanın qəbul edilməsi idi. Bununla yanaşı, ulu öndər başa düşürdü ki, qəbul edilən qanunlar xalqın rifahının yaxşılaşdırılmasına, ölkənin inkişafına gətirib çıxarmalıdır. O, xalqının azad söz, azad fikir sahibi olmasını, öz haqqını qanun çərçivəsində tələb etməsini istəyirdi. Təsadüfi deyil ki, Heydər Əliyev 1998-ci il 6 avqust tarixində mətbuatda senzuranın ləğv edilməsi haqqında qanun qəbul etmişdir. Bununla da, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına xüsusi önəm verdiyini bir daha sübut etmişdir. 


Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində mədəniyyət sahəsinə xüsusi diqqət yetirmişdir. Tarixi memarlıq abidələrinin, Azərbaycan mədəniyyətinin simvolu olan abidələrin qorunması və inkişafı üçün böyük işlər görmüşdür. O, insanların dini inanclarına hörmət göstərmiş, islami dəyərlərə sadiq qalmış və tez- tez dindarlarla görüşmüşdür.


Bütün bunlarla yanaşı, bir ölkənin inkişafına təsir göstərən ən böyük amillərdən biri də onun xarici siyasətidir. Heydər Əliyev bu kontekstdə Azərbaycan Respublikasının adını zirvələrə daşıyacaq addımlar atmışdır. Onun yeritdiyi müdrik xarici siyasət strategiyasında qonşu və qeyri- qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan fəaliyyət üstünlük təşkil edirdi. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət sayəsində Azərbaycan Respublikası regionda dirçəlməyə başlamışdır. 


Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətlərdən birinə çevrilmişdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin irsinə hörmət nümunəsi kimi qarşıya qoyulan bütün məqsədləri yerinə yetirmiş, Azərbaycan dövlətinin tərəqqisi və qüdrətli dövlətə çevrilməsi üçün böyük  addımlar atmışdır. 


Bu gün ümummilli lider Heydər Əliyev bizimlə olmasa da, o, həmişə Azərbaycan xalqının ürəyində yaşayacaqdır. Ulu Öndəri böyük hörmət və ehtiramla yad edirik.


Zərxanım Abbasova 
Gənc jurnalist



  • 11-12-2023, 17:58