Bu gün peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülmə faktı aşkarlanıb.
Missiya.Az xəbər verir ki bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz "facebook" hesabında paylaşım edib.
O bildirib ki, məktəb rəhbərliyi dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 102 xidmətinə məlumat verib. Uşaq ərizəsində təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməsini qeyd edib.
"Məlumatı alan kimi aidiyyatı qurumların koordinasiya formatlı vatsap qrupuna göndərdim. 17 - ci polis bölməsinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə yeniyetmə ilə işə başladılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə sonradan "üzə" çıxdı. Başda İradə xanım olmaqla! Deyəsən İradə xanımı narahat etmişik... Dediyinə görə burda qərar verən ancaq odur! Baaa, mən heç bilmirdim. Bu həmin icra hakimiyyətinin komissiya rəhbəridir ki, zamanında azyaşlıları valideyn hüquqları məhdudlaşdıraraq uşaq müəssisəsinə verilməsi ilə bağlı məhkəmənin qərarı olduğu halda onlar azyaşlıları təhlükəyə atdılar. İndi İradə xanım çox acıqlıdır, onun işinə qarışırmışıq... Saat 13:00 dan yeniyetmə polisdədir, İradə xanım isə komissiyanın iclasını saat 18:00 -ya salıb və heç bir aidiyyatı qurumun fikrini önəmsəmir. Adam deyir ki, burda mənəm vəssalam! Qız isə qorxu içindədir. İradə xanım çox qəzəblidir, əsasən də mənə. Nahar fasiləsindən sonra yəqin rahatsızlıq yaratmışam. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Baş Prokurorluğu hüquqmüdafiəçilərinə müraciət edirəm. Uşağın həyatı təhlükədədir. Gecə evdən döyülərək qovulub, küçədə gecələyib", - deyə Kəmalə Ağazadə paylaşımda vurğulayıb.
Zərintac Mayisqızı
Missiya.Az