1 dekabr Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu(QİÇS) ilə Mübarizə Günüdür. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən böyük problemlərindəndir.
Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Səhiyyə Nazirliyinin risk qrupları arasında apardığı məqsədli fəaliyyət nəticəsində illər ərzində bu infeksiyanın yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
Ümumilikdə ölkəmizdə ilk dəfə sözügedən infeksiyaya yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır.
Səhiyyə Nazirliyinin həkim-eksperti Zakir Quliyev Missiya.Az-a açıqlaması zamanı vurğulayıb ki, hazırkı dövrümüzdə QİÇS o qədər də qorxulu bir xəstəlik deyil. Bunun çoxlu müalicə yolları mövcuddur, həmçinin, sözügedən xəstəlikdən əziyyət çəkənləri digər insanlardan kənar tutmaq yanlışdır:
“Günümüzdə bir çox dərman preparatları var ki, rahat şəkildə QİÇS-in müalicə edilməsində yardımçı olur. Bu infeksiyaya yoluxan insanları cəmiyyətdən xaric etmək doğru deyil. QİÇS qucaqlaşmaq, toxunmaq və s. yollarla yox,birbaşa qan vastiəsilə keçir. Uşaq yaşlarından maarifləndirmə doğru qaydada aparılarsa, qorunmağın nə qədər önəmli olduğu deyilərsə,xəstəliyin qarşısını almaq mümkün olar. Həmin infeksiyadan uzaq durmaq üçün narkotik vasitələrdən də qaçmaq mühümdür. Onu da qeyd edim ki, Azərbaycanda da sözügedən xəstəliyə qarşı ciddi mübarizə tədbirləri mütəmadi şəkildə görülür”.
Zərintac Mayisqızı
Missiya.Az