AZ   |   RU
BƏƏ və Azərbaycan prezidentlərinin görüşü olub - YENİLƏNİB-2


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.


Missiya.Az xəbər verir ki, dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-ə ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edilib, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirilib.

SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti – ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edilib.

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olunub.

Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



  • 30-11-2023, 19:08