Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.
Missiya.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyə çox şadam. İraq Prezidenti ölkəmizə bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı səfər etmişdi və görüşümüz zamanı mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram ki, dəvətim qəbul olundu və Prezident bizim qonağımızdır.
Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.
Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.
Cənab Prezident qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm. Əlbəttə, hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, 1990-cı illərin əvvəlində nə baş verdiyinə nəzər salmalıyıq.
1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.
Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edirdi. Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.
Biz ümid edirdik ki, bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. Biz demək olar ki, 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu.
Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır.
Bunun nəticəsində Dağlıq Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “dağlıq qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdılar. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır.
Beləliklə, bu, vəziyyətin tarixçəsidir. İndi isə biz növbəti mərhələyə gəlirik. Növbəti mərhələdə isə biz - mən bunu cənab Prezidentə bildirdim, - Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.
Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.
Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.
Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun.
Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.
Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək. Bir daha cənab Prezident xoş gəlmisiniz və bizimlə bir yerdə olduğunuz üçün Sizə təşəkkür edirəm.