AZ   |   RU
Durna qatarına qoşulan SƏNƏTKAR – Aybəniz Haşımova Gülarə Əliyevadan yazır


Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, mərhum Gülarə Əliyevanın doğum günüdür.

Missiya.Az Lent.az-a istinadən xəbər verir ki, Əməkdar artist Aybəniz Həşimova bu münasibətlə yazı yazıb, video material hazırlayıb. 

Dünyada qalsaydın bu gün 90 yaşın olacaqdı, Gülarə xanım, dünyada cəmi 57 il yaşadın. Niyə axı, dünyaya gərək olanların ya ömrü qısa olur ya da ki, taleyi. İstəyirəm, sizə biraz kecmişimizdən, Gülarəli günlərimdən danışım. 8-ci sinifdə oxuyurdum zəng etdim Gülarə xanıma:

- Alo, Gülarə xanım salam, axşamınız xeyr.

- Axşamınız xeyr - deyə cavab verdi.

- Sizi narahat edən Aybəniz Haşımovadır.

 - Ay Aybəniz, sənə qurban olum nə yaxşı oldu zəng etdin?! Necə vaxtdır səni axtarıram. Axır ki, tapdım səni. Təcili sabah gəl sənə repertuar hazırlayaq.

Səhəri getdim və bir görəydiniz Azadlıq-40 ünvanına çatanda məni həyəcan necə bürümüşdü? Sanki, qız sevdiyinin görüşünə getdiyində necə həyəcan keçirərdisə bax, məndə belə həyəcanlı idim. Sən demə, elə doğrudan da ilk və əbədi sevgi nəğmələrimin ünvanına gedirəmmiş, xəbərim yox!

Zəngi çaldım. Qapı açıldı və hündür pilləkənləri yavaş-yavaş qalxmağa başladım. Pilləkənlər çox hündür idi. Gülarə xanımı görmək həyəcanı, onun əzəmətli sənətinin həyəcanı, həsrəti daha uca, daha da, böyük idi. Çatdım nəhayət ki, 3-cü, mərtəbəyə. Gülarə xanım qapıda dayanıb məni gözləyirmiş. Sanki, illərlə ayrı düşdüyü doğmasına, əzizinə sarılırdı. Elə, həmən gündən başladı hər şey. İlk işi Oqtay Kazımiyə zəng vurub repertuarımın hazırlanmağı ilə bağlı verəcəyi  tapşırıq oldu. Bir necə gündən sonra, Tariyel Abbasovu (ansamblın tarzənini) çağırıb yanına “apar Aybənizi Fioletov adına səs yazmaya mahnılarını oxusun sonra, uşağı götür gəl yanıma” dedi. Oxudum, özü də 1 dəfəyə. Heç bir pauza olmadan. Çünki, cəmi bircə saat vermişdi Rafiq Cəbiyev. Vaxtında bitirməsəydim bir də iş qalacaqdı 6 aydan sonraya. Ona da, mənim hövsələm çatardımı?

Boş salon, mən və onun əsrarəngiz ifası. Bu ruhdan doğulan "Dan Ulduzu" ansamblının müşayiəti ilə səslənən musiqilərin sehri vardı. Oxuyurdum sanki, ayaqlarım bu müşayiətin sehrilə qanad alıb göyün yeddinci qatına uçurdu. Çoxlarının arzuladığı ancaq, yaxınına belə düşə bilmədiyi "Dan Ulduzu" ansamblı ilə, oxuyuram ey insanlar deyərək, bərk səslə sevincimdən qışqıraraq sevincimi bilmirdim axı, necə bildirim ki, insanlar eşitsin. Nəhayət ki, arzuma çatdım. Oxudum  - “Nə gəlməz oldun”, “Qəlbimdə qaldın”, “İnanmaram”, “Məhəbbət”, “Onu bilmirəm” “Kim uduzdu, kim uddu”, “Ana, Sevgi bayatıları”, “Segah təsnifi”, “Bu gecə”, “Getmə-getmə”, “İndi məni tanımadın”, “Bəs nə deyim”, “Bəri bax”, “Bu dünya” və s. Elə, o gündən sevgi nəğmələrimin çox sayda ünvanları salınmağa başladı. Küçədə hər kəs məni gördükdə mahnılarımı oxuduqca həm sevinir həm də utanırdım. Sevgim sanki, utandığından üzünə yaşmaq bağlamışdı. Bu yaşmaq bilmirdi ki, məni harada, necə gizlətsin. Amma, səsim hər gün daha çox yayılırdı onun sayəsində. Hara gedərdisə məni də özü ilə, aparardı. Məni öz balası kimi qoruyardı. Axşamlar saat 6-dan sonra qoymazdı küçəyə çıxıb kirayə qaldığım evə gedim. Deyərdi ki, sənə birdən sataşarlar, qız uşağısan səni tək bu saatda qoymaram küçəyə çıxasan. Hansını deyim axı? Öz əlləri ilə yedizdirərdi məni. O, mənim bu qəriblikdə atam, anam, bacım, qardaşım idi. Xarici ölkələrə qastrola gedirdik. Hər dəfə yenidən onu kəşf edirdim. Hər ayın 1 günü mütləq xəbərlərdən öncə solo-konsertimi çəkdirərdi. Evlərinə hər gün məşqə gedərdim, oxuduğum yerdə birdən hönkür-hönkür ağlayardı. Sən sonuncu istedadsan bir də belə istedad doğmayacaq deyirdi mənə. Mən isə, inanmırdım  ki, bu sözləri Gülarə xanım ifam üçün söyləyir. Çox sevinir və hədsiz həyəcanlanırdım. Çünki, bu sözləri mənə çox böyük sənətkar deyirdi.

Onun məsuliyyətini, həyəcanını hələdə hiss edirəm. Sənətimin ən parlaq dövründə məni və bizi tərk etdi. Vaxtsız ölüm amansızcasına onu aldı əlimizdən. Minirə sənsiz bir günüm olmasın deyirdi, olmadı da. Minirə, canından çox sevdiyin Nuridə qızın da səninlə əl-ələ tutub qoşuldunuz durna qatarına.

Məni isə, öldürüb getsəydi bundan yaxşı olardı. Mən onsuz bir ölüyəm bunu bilin.

Mənə bənzəyəni siz yaşadırsınız əziz tamaşaçılar. Kaş ki, yaşatmasaydınız.

Kaş ki, icazə versəydiniz yer üzündən silinim gedim. Bilsəydim o, belə tez köçəcək, o anda yanında olardım. Elə, məni də apar deyərdim. Birgə atılaydıq ölümün qucağına. Qoşulub sənətkar qatarına mən də köç edəydim bu vəfasız, bu amansız dünyadan. Təəssüf ki, onu onsuz yaşamağa, yaşatmağa məhkumuq. Firuza İbadova, Mirabbas Mirzeynalov, Ruhəngiz Musəvi...

Bəlkə də, o, belə istəyir...

Məmməd Araz demiş: Nə bilim... Məndən sonuncu istəyi isə, “Bu gecə” mahnısı olmuşdu. Onun xətrinə oxudum. Çünki, tonallıq səsimə görə deyildi. Teleteatrda solo konsertimi çəkdirirdi. Sən demə, sonuncu imiş. Tariyel fonoqramı dinləyəndə “Ayka, niyə oxumusan, axı, bu sənin tonallığın deyil” dedi. Birdən Gülarə xanım bərk əsəbiləşib gəldi yanımıza. Dedi ki, mən demişəm oxusun, heç kim Aybənizə söz deyə bilməz. Sonra kövrəlib keçdi royalın arxasına. Getdim yanına sanki, gəlməyimi gözləyirmiş. Heç vaxt, dilinə gətirmədiyi “Aybəniz, birdən də, mən ölərəm həmişə deyərsən ki, "Bu gecə" mahnısını mənim üçün, mənim xətrimə  oxumusan yaxşı?” İkimiz də kövrəldik və o, son və fondda  qalan tək, yeganə konsertimiz oldu.

Səndən sonra, heç bir ansambla solist getmədim Gülarə xanım. Sənsiz keçən 90 yaşın mübarək Gülarə xanım!



  • 17-11-2023, 17:39