Azərbaycan Respublikası beynəlxalq əlaqələr çərçivəsində Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Son illər bu dövlətlər ilə qarşılıqlı səfərlərin həyata keçirilməsi ölkələrarası münasibətlərin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.
Regionun türkdilli dövlətlərinin qarşılıqlı əlaqələrinin ən böyük təcəssümü Türk Dövlətləri Təşkilatıdır. Təşkilat 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan dövləti 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də təşkilata üzv olmuşdur. Ölkəmiz həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini vermişdir. Bu istiqamətdə Türk Şurasının yaradılması ilə bağlı sazişin ölkəmizdə imzalanması ən böyük nümunədir. Bütün bunlar öz növbəsində Azərbaycan Respublikasının həm regional, həm də beynəlxalq arenada nüfuzunu bir daha sübut edir. Təşkilatın təməlləri üzv dövlətlər arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə dayanır. Eyni tarixi köklərə, eyni mədəniyyətə, oxşar adət-ənənələrə sahib olmaq üzv dövlətlər arasındakı münasibətlərin daha da inkişaf etməsinə gətirib çıxarmışdır. Təşkilatın əsas məqsədi tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda sülhün bərqərar edilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) qurumsal mərkəzləri Bakı, İstanbul və Astanadır. Təşkilatın müəyyən müddətlərdə zirvə görüşləri keçirilir. Sonuncu zirvə görüşü 2023-cü il 3 noyabr tarixində keçirilmişdir. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri baş tutmuşdur. Təşkilatın Astanada baş tutan “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyev çıxış etmişdir. Çıxışı zamanı o təşkilatın təməllərindən, üzv dövlətlər arasındakı münasibətlərdən, Ermənistan-Azərbaycan münaqişəsindən və Azərbaycanın son illər ərzində qazandığı uğurlardan bəhs etmişdir. İlham Əliyev üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikirlərini də bildirmişdir.
Azərbaycan Respublikasının belə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi və onun fəaliyyətində fəal iştirakı ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Zərxanım Abbasova
Gənc jurnalist