Günümüzün aktual mövzularından biri də qızılca xəstəliyi ilə bağlıdır. Son vaxtlar yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində bu xəstəliyin yayılması halları müşahidə olunur. Bəs görəsən, buna səbəb nədir?
Missiya.Az-a açıqlama verən pediatr Qoşqar İsmayılov məsələyə aydınlıq gətirib:
“Bu aralar kütləvi şəkildə olmasa da Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıda qızılca infeksiyası yayılıb. Təbii ki, bunun əsas səbəbi peyvəndlərin vaxtında olmamasıdır. Son dövrlərdə valideyinlər bəzi peyvəndlərdən yayınırlar, həmçinin də qızılca peyvəndindən. Biz bilirik ki, 1 yaşında və 6 yaşında bu peyvənd olunur və buna mütləq əməl etmək lazımdır. Xəstəliyin əlamətlərinə gəlincə isə deyə bilərəm ki, yüksək hərarət, boğazda səpgi, anginalar və dəridə səpgilər ortaya çıxır. Əsasən,1 yaşdan yuxarı, 3-5 yaş arası uşaqlarda müşahidə olunur”.
Qoşqar İsmayılov vaxtında həkimə müraciət edilmədiyi zaman müəyyən fəsadların baş verə biləcəyini də bildirib:
“Vaxtında müraciət olunmasa o zaman ağırlaşma verə bilər.Buna misal olaraq,pnevmoniya,meningit kimi ağırlaşmaları göstərə bilərik. Ona görə vaxtında həkimə müraciət etmək lazımdır. Vəziyyətindən asılı olaraq evdə ambulator, yaxud əlavə simptomlar , pnevmoniya kimi hal varsa mütləq şəkildə stasionar olmalıdır. Eyni zamanda,xüsusi infeksion xəstəxanada yatmalıdır”.
Pediatr Günay Rəsulova da açıqlamasında qeyd edib ki, qızılca xəstəliyinin qarşısını almağın tək yolu peyvənddir:
“Təəssüflər olsun ki, son zamanlar insanların gərəkli-gərəksiz peyvənddən imtina etməsi səbəbi ilə peyvənd olunmayan uşaqlar arasında qızılca xəstəliyi yayılıb. Əsas əlaməti günlərlə davam edən yüksək qızdırmadır. Bundan əlavə,üzdən, boyundan başlayan sonra qarına, belə və axırda da ayaqlara, qollara qədər yayılan səpgilərlə müşahidə olunan,quru,qıcıqlandırıcı,boğucu öskürəklərlə keçən bir xəstəlikdir”.
Həkim vurğulayıb ki, xüsusilə bağçaya,məktəbə gedən uşaqlar arasında bu əlamətlərə diqqət etmək lazımdır ki, digər sağlam uşaqlar da yoluxdurmasın.
Qeyd edək ki, Səhiyyə Nazirliyi belə halların qarşısının alınması məqsədilə bir daha vaksinasiyanın vacibliyini vurğulayıb və hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edib.
Leyla SƏMƏNDƏR
Missiya.Az