Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Əvvəlcə Qaradağ Günəş Elektrik Stansiyasında görülən işlər barədə videoçarx nümayiş olundu. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.Son onilliklər ərzində qlobal iqtisadiyyatın gündəliyində ən çox rast gəlinən məsələ bərpa olunan enerji mövzusudur. Təbii resursların tükənməsinin qarşısını almaq, qlobal iqlim dəyişikliklərini önləmək, habelə insanların sağlam həyat şəraitini təmin etmək kimi qlobal çağırışlar beynəlxalq münasibətlər sistemində özünə geniş yer qazanıb. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır. Azərbaycanın təşəbbüsü ilə regional əhəmiyyətə malik olan çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və hazırda Azərbaycan nefti və qazı müxtəlif istiqamətlərdə xarici bazarlara ixrac edilir. Avropanın enerji təminatında önəmli rol oynayan ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji istehsalı sahəsində də yeni uğurlar qazanmaqdadır. 230 Mvt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da bu uğurlardan yalnız biridir. Günəş Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən danışıb. Gələcəkdə 1 qiqavat həcmində bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanmasını Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı bildirib ki, birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Prezident Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə yaranmış iş birliyinə yüksək qiymət verərək gələcəkdə mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə fəaliyyətin planlaşdırıldığını bildirdi və bu layihələri regionun enerji inkişafında bir inqilab adlandırdı.
Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi