AZ   |   RU
Sultan Əhməd Əl-Cabir Azərbaycanı BƏƏ-də keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına dəvət edib


Azərbaycan hökumətinin ölkənin külək və günəş potensialından istifadə etmək, eyni zamanda, sistemin baza gücünü təbii qazla təmin etmək baxışı enerjini daha təhlükəsiz, daha əlçatan və dayanıqlı edəcək.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində deyib.

"Həm “Masdar” şirkəti, həm də BƏƏ bu səyahətdə Sizin tərəfdaşınız olmaq arzusundadır. Bir çox digər ölkələrdə də belə layihələri həyata keçirmək əzmindəyik. Biz Azərbaycanla və dünyanın bir çox ölkələri ilə iddialı məqsədlərə nail olmaq üçün 2030-ci ilə qədər ən azı 100 giqavat təmiz enerjini istehsal etmək məqsədilə bütün qitələrdə sizinlə və digər həmfikir tərəfdaşlarla, təşkilatlarla, ölkələrlə işləməyə davam etməyin intizarındayıq.

Mən “Masdar”ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir", - nazir bildirib.

Sultan Əhməd Əl-Cabir gələn həftə ərzində Azərbaycanın nümayəndə heyətini BƏƏ-də COP-28 konfransından öncə nazirlər görüşündə, həmçinin BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransında görmək intizarında olduğunu deyib: "Biz istəyirik ki, burada sərgilənən o ruh, həqiqətən də liderlik ruhu, bu layihədə olan o ruh, pozitivlik, tərəfdaşlıq, işbirliyi, həmrəylik ruhu, həmçinin COP-28 Konfransında sərgilənsin və qütbləşməyə, parçalanmağa artıq yetər deyək. Üzləşdiyimiz iqlim dəyişiklikləri çağırışlarının öhdəsindən gəlmək üçün dünyanı bir yol xəritəsi üzərində birləşdirmək vaxtıdır".

Qeyd olunub ki, Paris Konfransı dünyanı ortaq bir hədəf ətrafında birləşdirdi. Nazir vurğulayıb ki, bu, ümumi məqsəd uğrunda millətləri və ölkələri birləşdirmək istiqamətində uğurlu bir addım idi: "Lakin o vaxtdan bəri qlobal miqyasda aparılan təhlilləri nəzərdən keçirsək, görərik ki, biz tam məqsədə gedən yolda hələ də inamla irəliləmirik. Bərpaolunan enerjiyə yatırılan investisiyalar artmaqda davam edir. Bu il dünyada əlavə rekord 500 giqavat istehsal edildi. Lakin, bilirsiniz, dünya 2030-cu ilə qədər bərpaolunan enerji gücünü üç dəfə artırmalıdır ki, 1,5 səviyyəsi əlçatan olsun.

İlk dəfədir ki, biz praktiki addımları COP-28 səviyyəsində cəmiyyətdə ifadə edirik, yəni, emissiya yeddi il ərzində 22 giqaton azaldılmalıdır. Mən əminəm ki, bu, çox böyük bir vəzifə, işdir. Bu, bütün millətlər, bütün ölkələr üçün bir vəzifədir. Heç bir ölkə, xalq, qurum bu işin öhdəsindən təkbaşına gələ bilməyəcək. Bizə hər bir ölkənin Azərbaycan kimi təmiz enerji sahəsində müəyyən edilmiş məqsədlərlə energetikaya keçid üçün aydın planlar hazırlaması lazımdır. Rekord müddətdə bir sıra tutarlı layihələrin hazırlanmasını və həyata keçirilməsini təmin etmək üçün iqlim maliyyələşdirməsində yenilikçi yanaşmalara ehtiyacımız var. Azərbaycandakı layihələrdə, bu layihədəki tərəfdaşlıqda da yanaşmalar məhz bu istiqamətdədir".



  • 26-10-2023, 19:20