AZ   |   RU
Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə bəyanat qəbul olunub


Tehranda “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Tehranda keçirilən “3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanatda deyilir.

Birgə bəyanatda xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar.

“Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər”, - bəyanatda bildirilir.

Sənəddə, həmçinin regionun ən mühüm məsələləri müzakirə edilib, ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti qeyd olunub.

Bəyanat İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyənin xarici işlər nazirləri adından dərc olunub.



  • 23-10-2023, 23:32