AZ   |   RU
İnsan ölçüsü üzrə Varşava Konfransında Ermənistanın mina terrorundan danışılıb


ATƏT sədrinin çağırışı ilə Polşada keçirilən İnsan ölçüsü üzrə Varşava Konfransı davam edir.




Missiya.Az xəbər verir ki, oktyabrın 12-də “Humanitar məsələlər” mövzusunda VIII plenar sessiyada Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarından Yeganə Hacıyeva və Gülməmməd Məmmədov çıxış ediblər.



Humanitar fəaliyyətin və məsuliyyətin sərhədinin olmadığını bildirən Yeganə Hacıyeva bildirib ki, humanitar fəaliyyət insanların dəstəyi olmadan cəmiyyətdə əhəmiyyətli təsir yarada bilməz. İnsanların qayğısına qalmaq hamının borcudur.



“Humanitar fəaliyyət, sadəcə, xeyriyyəçilikdən ibarət deyil, o, qeyri-adi hadisələrin ortasında normal məkan qurmaq məqsədi daşıyır. Humanitar hərəkətin əsas məqsədi məhz münaqişə qurbanlarına və qaçqınlara yaxın olmaqdır”, - deyən Y.Hacıyeva vurğulayıb ki, humanitar fəaliyyət dövlətlərin məsuliyyətini müəyyənləşdirir və hüquqlara riayət olunmasını təmin edir.



“Vətəndaş cəmiyyəti olaraq biz dövlətə, onun təsisatlarına yaxınıq, özəl sektor kimi isə dövlət olmayan digər qurumlarla da birgə iş görürük. İctimai maraqların şəxsi maraqlar üzərində olmasını və ədalətli sosial nizamın mövcudluğunu təmin etmək əsas hədəflərimizdən biridir”, - deyə o qeyd edib.



Laçından keçmiş məcburi köçkün olduğunu bildirən Gülməmməd Məmmədov qeyd edib ki, təmsil etdiyi “Qarabağa Qayıdış” İctimai Birliyi Qarabağdan olan azərbaycanlı keçmiş məcburi köçkünlərə öz evlərinə geri qayıtmaq üçün kömək göstərir.



O bildirib: “Azərbaycanın 2020-ci ildə öz torpaqlarını 30 illik erməni işğalından azad etdikdən sonra mənim kimi bir milyona yaxın azərbaycanlı məcburi köçkündə öz evlərinə geri dönməyə ümid yarandı. Lakin Ermənistanın sistemli talan və yerlə-yeksan etməklə yanaşı, yüzlərlə şəhər və kəndlərimizdə bir milyondan çox mina basdırdığını öyrənəndə sonra bu ümidlər puç oldu”.



G.Məmmədov qeyd edib ki, indiyədək 340-dan çox azərbaycanlı azad edilmiş torpaqlarda minaların qurbanı olub. Hazırda azad edilmiş ərazilərdə minaların təmizlənməsi və bərpa-quruculuq işləri aparılır.

Bu gün bir sıra donor təşkilatlarının və özlərini insan hüquqların qoruyucuları adlandıran bəzi ölkələrin Ermənistanın Azərbaycana qarşı törədilmiş bu vandallıqları görməzdən gəldiklərini qeyd edən vətəndaş cəmiyyəti fəalı onların reallıqların əksinə olaraq, Ermənistanı qurban kimi qələmə verdiklərini diqqətə çatdırıb. Bildirib ki, buna mütləq son qoyulmalıdır.



“Ermənistan, həmçinin vaxtilə bu ölkədən etnik təmizləmə nəticəsində qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu rədd edir. “Qarabağa Qayıdış” İctimai Birliyi İƏT-ə üzv ölkələri Ermənistandan həmin azərbaycanlıların öz evlərinə qayıdış hüququnu tanımağı tələb etməyə çağırır”, - deyə QHT təmsilçisi qeyd edib.



  • 12-10-2023, 21:39