AZ   |   RU
Cənubi Qafqazın inkişafı region dövlətlərinin əməkdaşlığını şərtləndirir

Cari ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edir.

Məlumat üçün bildirmək istəyirəm ki, ənənəvi xarakter alan cari səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir.

Azərbaycan və Gürcüstan əsrlərdir Cənubi Qafqaz regionunda yerləşən mehriban qonşuluq şəraitində yaşayan iki yaxın qonşu ölkələrdir. Bizi bir-birimizə bağlayan tarixi keçmiş və xalqlarımız arasında olan yaxın dostluq əlaqələridir. 

Sovet imperiyasının dağılmasından sonra 1990-cı illərin əvvəlində hər iki ölkə öz müstəqilliyini yenidən bərpa etdi. Həmin dövrdən sonra ölkələrimiz arasındakı münasibətlər yeni müstəviyə keçid etdi.

Müasir Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyev və Gürcüstan Respublikasının keçmiş Prezidenti Eduard Şevardnadze arasında çox yaxın dostluq münasibətləri olmuşdu. Ölkə liderlərinin yaxınlığı iki ölkənin xalqlarını daha da yaxınlaşdırırdı.

 Bu səbəbdəndir ki, ümummilli lider Heydər Əliyev Gürsüstanda hər zaman sevgi və ehtiramla yad edilir. Gürcüstanda Heydər Əliyevin 100 illiyi böyük coşqu ilə qeyd edilir. Paytaxt Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. 

Diplomatik sahə də münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Gürcüstan hər zaman ən yüksək beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və dəstəkləyib. 

44 günlük Vətən müharibəsindən sonra bütün regionun inkişafı üçün böyük şans yaranıb. Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən və Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaradacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Yeni reallıqlar fonunda Cənubi Qafqaz ölkələri üçtərəfli formatda nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığa başlaya bilərlər. Əlbətdə region dövləti olaraq Gürcüstanın Ermənistanla Azərbaycan arasında sülh prosesinin reallaşmasında vasitəçiliyi arzuolunandır.


 Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib və bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.


Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı


  • 9-10-2023, 18:13