Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdləri qəbuledilməzdir, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermir.
Missiya.Az xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşünə dair məlumatda yer alıb.
Bildirilib ki, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb.
Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Xüsusilə, görülən anti-terror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərksilahı prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.