AZ   |   RU
Dünyanı heyrətləndirən mətbuat konfransı

“Siz 4 dildə 4 saat ərzində mətbuat konfransı keçirən tanıdığım yeganə prezidentsiniz”. 
 

Bu sözlər 26 fevral Xocalı faciəsi günü mətbuat konfransında bir xarici jurnalistin dilindən AR Prezidenti cənab İlham Əliyevə ünvanlanmışdı. Ölkə başçısı barədə deyilən bu fikirlər hər bir azərbaycanlıda fərəh və qurur hislərinə səbəb olub. Bəli, biz fəxr edirik ki, Azərbaycanın haqq səsini 4 dildə dünyaya çatdıran bir prezidentimiz var. Öz uğurlu siyasəti ilə dünyanın diqqət mərkəzinə çevrilən Ali Baş Komandanı bu dəfə də öz dəqiq, səlis yeri gəldikcə, cəsarətli cavabları ilə beynəlxalq medianı heyran qoydu. 
 
Müharibədən sonra regionda yaranan yeni reallıqlar dünya mediasının Azərbaycana olan marağını daha da artırıb.  Bir çox ölkələrin media nümayəndəliyi bu anlarda Azərbaycana gəlmək, Azərbaycan Respublikası Prezidentindən müharibədən sonra hansı addımlar atacağı barədə suallar ünvanlamaq istəyirdilər. Cəmiyyət yaranan suallara Prezidentin dilindən cavab gözləyirdi. Bütün bunları nəzərə alan AR Prezidenti cənab İlham Əliyev məhz Xocalı faciəsinin anım günü ayrı-ayrı suallara cavab ünvanlamaqdansa mətbuat konfransı keçirməyi zəruri hesab etdi. 
 
Jurnalistləri ən çox maraqlandıran müharibədən sonra azərbaycanlılarla ermənilərin bir məkanda yaşamağın mümkün olub-olmaması idi. Ona ən ağır faciələri yaşadan bir xalqın nümayəndələri ilə birgəyaşayışı qəbul etmək çox çətindir.  Lakin cənab İlham Əliyev bu mətbuat konfransında xatırlatdı ki, Azərbaycan tolerant bir ölkədir. Ölkəmizdə digər xalqın nümayəndələri azərbaycanlılarla bir yerdə yaşayır. Hətta hazırda Azərbaycanda ermənilər yaşayır. Buna misal, Ermənistanın keçmiş müdafiə nazirinin bacısının hal-hazırda Azərbaycanda yaşadığını göstərmək olar. Ermənistan isə monoetnik dövlətdir və heç bir xalq orada kompakt şəkildə yaşamır. Ermənilər həm Azərbaycan, həm də Türkiyəyə hər zaman düşmən münasibət bəsləyib. Onların Azərbaycan və Türkiyəyə qarşı beyinləri nifrətlə zəhərlənib. Ermənistan nəinki Azərbaycana, hətta Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir. 
 
Ölkə başçısının keçirdiyi mətbuat konfransının əsas diqqət çəkən məqamlarından biri onun keçirilmə vaxtı idi. Mətbuat konfransının 26 fevralda keçirilməsini Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərin dünyaya çatdırılması baxımından da mühüm mesajdır.  
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində erməni vandalizmi bütün dünyaya çatdırılır. Həmçinin Prezidentin ailəsi komanda olaraq Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etmək üçün əllərindən gələni əsirgəmirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə dünyanın bir çox ölkələrində Xocalıya aid konfransların keçirilməsi xarici jurnalist və rejissorlarla faciə haqqında filmin çəkilməsi bu səyin parlaq nümunəsidir. 
 
Mətbuat konfransında Türkiyə və Azərbaycan münasibətlərinə aid verilən suallara cavab olaraq cənab İlham Əliyev bildirdi ki, Türkiyə Azərbaycanın haqq işinə ilk günlərdən dəstək verir. Cənab İlham Əliyev çox açıq və dəqiq şəkildə vurğuladı ki, Türkiyə güc mərkəzi kimi bu gün bölgəmizdə müsbət rol oynayır. Azərbaycan Türkiyə ilə eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhlizin açılması barədə böyük planların reallaşacağı gözlənilir. Türkiyədən müdafiə nazirliyinə 100 mütəxəssis gəlib və müasir texnika alınıb. Bu texnika mina təmizləmə işini xeyli asanlaşdıracaq. Post müharibə dövrü əməkdaşlıq, qarşılıqlı ticarət, yeni dəhlizlərin yaradılması Avrasiyanın yeni bir nəqliyyat damarını aça bilər. Cənab İlham Əliyev onu da qeyd etdi ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək. 

 
Prezident Qarabağın bərpası barədə də geniş danışıb. O bildirib ki, ilk müqavilələr Türkiyə şirkətləri ilə imzalanıb. Bu şirkətlər 10 milyard dollardan çox dəyəri olan layihələrdə, inşaat layihələrində iştirak ediblər. Azad edilmiş torpaqlarda Türkiyə şirkətləri fəaliyyət göstərəcək. Deməli Türkiyə həm Qarabağın yenidənqurma, həm də müdafiə sahəsində əməkdaşlıq edəcək. 
 
Cənab İlham Əliyevin mətbuat konfransında dediyi sözlər, suallara verdiyi səlis cavablarla bir daha sübut etdi ki, regionda yeni reallıqlar yaranı və bölgə ölkələri Azərbaycanın yaratdığı əməkdaşlıq mühitindən sərbəst şəkildə istifadə edə bilər. 

Xəlilova Afət
201 nömrəli məktəb 
 


  • 2-03-2021, 20:02