AZ   |   RU
Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir


Cari ilin 25 sentyabr tarixində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana ikinci səfəri qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi qiymətləndirilir. Geniş tərkibdə təşkil olunmuş səfər çərçivəsində bir çox görüşlər keçirilmiş və sənədlər imzalanmışdır.


Qardaş Türkiyə Respublikasının Prezidentinin qədim diyarımız Naxçıvana səfərini analiz edərkən görürük ki, son zamanlar regionda baş verən hadisələr fonunda səfərin müstəsna əhəmiyyəti vardır.

Tarixin keçməkeşli və çətin sınaqlarından üzüağ çıxmış Naxçıvan strateji-coğrafi mövqeyi ilə seçilən əzəli yurdumuzdur. Sovet hakimiyyəti tərəfindən 1920-ci ildə tarixi torpaqlarımız Qərbi Zəngəzurun Azərbaycandan ayrılması nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir.

Daha sonralar 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yenidən başlayanda düşmənin Naxçıvana qarşı da ərazi iddiaları var idi. Naxçıvana hucuma cəhd edən düşmən qüvvələri Naxçıvanın o vaxtki rəhbəri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yerinə oturduldu və Naxçıvan öz ərazisini qorudu. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq blokada vəziyyətinə düşərək 15 il qazsız qalmışdır. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir.

İndi İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi ilə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsi şaxələndiriləcək və bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Naxçıvanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək bu kəmər vasitəsilə Naxçıvanın qaza olan tələbatı tam ödəniləcəkdir. Bundan əlavə Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün yüksək potensialı vardır. Həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bununla da gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.

Müştərək maraqların məzmunu kimi strateji əhəmiyyət kəsb edən layihələr bölgədə sülh və əmin-amanlığa xidmət edir. TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə böyük fayda verəcək.

Türkiyə ilə qardaşlıq münasibətlərimiz dünyanın nüfuzlu beynəlxaq təşkilatları çərçivəsində də davam edir. Biz bu dəstəyi həm Vətən müharibəsindən əvvəl, həm müharibə dönəmində, həm də müharibədən sonra da görmüşük. Son günlərdə Azərbaycanın öz ərazi süverenliyini tam bərpa etmək yönündə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bəzi erməni təşəbbüskeşliyi çəkən qüvvələr Azərbaycana qarşı yenə qərəzli mövqe göstərirdilər. Bütün bu qüvvələrə qarşı Azərbaycanın haq və ədalət səsini yenə məhz qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan Millətlər Təşkilatının Baş Assambleyasında dünyanın ən ali kürsüsündən bildirmiş və bütün dünyanın qarşısında Qarabağ Azərbaycan torpağıdır söyləmişdir.

 Bu gün Türkiyə ilə əlaqələrimiz ən yüksək zirvədədir və “bir millət, iki dövlət” şüarı çərçivəsində əməkdaşlığımız bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

 Eldəniz Zeynalov





  • 27-09-2023, 16:42