AZ   |   RU
2020-ci il 27 sentyabr tarixindən başlanan Şanlı Zəfərimiz

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. 


Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Savaş başlanan andan və hələ ondan iki ay öncədən (iyul hadisələri) erməni xisləti öz sözünü deyirdi. Ermənistan Azərbaycandan fərqli olaraq hərbi nöqtələri deyil, dinc sakinləri hədəfə alırdı. Eynilə 1992-ci ildə Xocalıda və digər ərazilərimizdə olduğu kimi. Lakin 2020-ci ildə durum 1990-cı illərdən çox fərqli idi. Azərbaycanın güclü və nizami ordusu, qətiyyətli Ali Baş Komandanı  dərhal hadisələrə reaksiya verdi. Tovuz hadisələrində verdiyimiz şəhidlərin, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin qanı yerdə qalmadı.


Sentyabrın 27-də düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.


Beləliklə, 44 gün çəkən və Zəfərlə bitən müharibə əks-hücumla başladı.


44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.


İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Təcavüzkar Ermənistan ordusu darmadağın edildi. Əslində, təkcə Azərbaycana deyil, Qafqazdakı sülhə, sabitliyə təhdid olan terrorçu Ermənistanla bağlı bu cür addımlar çoxdan atılmalı, dünyanın müvafiq qurumları, sülhdən danışan dövlətləri buna dəstək verməli idilər. Lakin 30 illik işğal dövründə biz bunun əksini gördük- Ermənistana dəstəyi, ona silah verənlər, terrorizmlə mübarizə pərdəsi altında terrorçunu dəstəkləyənləri gördük.

Hətta 44 günlük savaş zamanı Ermənistana gizli yolla silah verən qonşu dövlətləri də aşkar etdik. Boyunlarına almasalar da, fotolar atılan mərmilərin üzərindəki yazılar ən böyük sübutlardır...

 

Lakin bütün bunlara, “ürəkbulandıranlara” baxmayaraq bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

 

 

Tənzilə Lətifova Nizami rayon
Mədəniyyət Mərkəzinin metodisti

 



  • 26-09-2023, 19:59