AZ   |   RU
Ermənistan tələdə: Azərbaycanın son həmləsi qaçılmazdır

Bölgədə vəziyyət günü gündən dəyişir. Ağdam-Xankəndi yolunun açılması, ABŞ-Ermənistan birgə hərbi təlimləri və İranın bundan narahatlığını dilə gətirməsi, Tehranın yüksək rütbəli hərbçilərinin Azərbaycana səfəri, Moskva-İrəvan gərginliyi və s. kimi faktorlar Azərbaycan üçün yeni münbit şərait yaradır.

Bəzi şərhçilər isə indiki məqamda hərbi əməliyyatların başlanmasını Azərbaycanın az qala dünya ilə müharibə edəcəyi kimi şərh edir və bunun milli maraqlarımıza qarşı olduğunu vurğulayırlar. Ən əsası isə hesab edirlər ki, guya hərbi əməliyyatların başlanmasını hansısa güclər Azərbaycana diktə edir. Detallı izah olunmasa da, səbəb kimi ABŞ-Ermənistan birgə təlimi, İranın sərhədə qoşun toplaması və.s. kimi “arqumentlər” önə çəkilir.

Birincisi, məsələ uzandıqca bölgədə daha çox dövlətlər peyda olacaq, necə ki, bu baş verir. Bölgədə vəziyyət həddindən artıq mürəkkəbləşəcək və bu coğrafiya qanlı, eyni zamanda uzun müddət davam edəcək geosiyasi qarşıdurma ocaqlarından birinə çevriləcək.

Bəzi şərhlərdə getdikcə gərginləşən Rusiya - Ermənistan münasibətlərinin "oyun" kimi xarakterizə olunması isə kökündən yanlışdır.

Rusiya-Ermənistan münasibətləri həddindən artıq gərgindir və rəsmi səviyyədə qarşılqlı söz atışmalarını xatırlatsaq yetər.

Qeyd edək ki, Ermənsitan sülh danışıqlarını arxa plana keçirmək və güc toplamaq üçün bölgədə xaotik durumun yaranmasında maraqlıdır.

Bu da Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyən ABŞ, Fransa, eyni zamanda bundan regional və geosiyasi məqsədlər üçün yararlanmağa çalışan dövlətlərə daha rahat imkanın təmin edilməsi deməkdir.

Azərbaycanla hərb meydanında qarşılaşmaq gücündə olmayan İrəvan da məhz bunu arzulayır.

Bununla üçüncü qüvvələr oyuna daxil olur, proses uzanır və Ermənistan üçün istədiyi zəmin yaranır.

ABŞ-Ermənistan təlimləri İrəvanın məhz dəstəyi ilə ayaqda qaldığı Rusiyanın “qırmızı xətti”nin Ermənistan tərəfindən heçə sayılmasıdır.

Belə olduğu halda bölgə üçün hansı perpektivlərə yol açılır?

Təlimlərdən sonra ABŞ və Fransanın yüksək ranqlı məmurlarının Ermənistana səfərləri gözləniləndir. Bunun davamında tədricən Qərbə inteqrasiya yolu tutan Ermənistan daha sürətlə Rusiyadan üz döndərməyə məcbur ediləcək.

Növbəti mərhələdə ABŞ və Fransa ilə rəsmi müqavilələr imzalanacaq.

Burada Rusiya ilə yanaşı İranın da hansı duruma düşməsini gözardı etməməliyik. Yəni hər vəchlə Zəngəzur dəhlizinin açılmasına qarşı olan və bunu milli təhlükəsizliyinə təhdid sayan İran, bu proseslər fonunda Zəngəzur dəhlizi “təhdidini” arxa plana keçirən, bu dəfə həqiqətən və çox ciddi təhdidlərlə üz-üzə qalacaq. İranın ən yüksək səviyyədə 3+3 formatından kənar hər hansı fəaliyyətdən narahat olduğunu dilə gətirməsi də məhz bununla bağlıdır. Yəni, proseslər o həddə gedir ki, Azərbaycan hərbi əməliyyatlara başlayacağı halda İran ən azı səssiz qalacaq.

Rusiyanın mövqeyinə gəlincə, bir neçə gün öncə Valdimir Putinin “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb” ifadəsinin nəyə hesablandığına diqqət etmliyik. Yəni Putin dolayısı ilə və incə şəkildə “əslində biz, sizə kömək etdik, amma Paşinyan sizi satdı”, fikrini önə sürərərək, erməni millətçilərinə mesaj verir ki, bununla da “top sizdədir”. Yəni Putinin, Qərbin dəstəyini arxasına alaraq Rusyanı şantaj edən və Moskvanın maraqlarına qarşı addımlar atan Paşinyanı devirmək planını işə saldığını söyləmək mümkündür. Bu da təbii ki, Putinin “Paşinyan sizi satdı” mesajını verdiyi erməni millətçilərinin əli ilə həyata keçirilə bilər. Bu Rusiyanın hazırda “A” planıdır. Proseslər daha ciddi məcraya qədəm qoyacaqsa, o zaman Paşinyanın fiziki olaraq məhvi (Paşinyanı amerikalılar qoruyur), bu olmadığı təqdirdə isə son çarə olaraq Rusiyanın İrəvana hərbi müdaxiləsi də istisna deyil.

Gələk Xankəndidəki qondarma “seçki” məsələsinə. Bu Azərbaycan dövlətinə qarşı yönələn nəbz yoxlamasıdır və bunun sepatratçıların, yaxud İrəvanın beyninin məhsulu olmasını düşünmək sadəlövhlükdür. Təkcə bu fakt kifayət edir ki, Azərbaycan suverenliyinin tam bərpası üçün hərbi müdaxilə etsin. Yəni Azərbaycan ərazisində bir ovuc separatçının “seçki” keçirməsi qətiyyən yolverilməzdir. Əgər burada Azərbaycan geri addım atacaqsa-halbuki bu inandırıcı deyil, o zaman dövlət olaraq qeyri-ciddi duruma düşə bilər. Və nəticədə bu, gələcəkdə Azərbaycana qarşı daha ciddi təhdidlər üçün presedent yaradacaq.

Burada sual meyadana çıxır. Paşinyan ABŞ və Fransanın Ermənistanı hara sürüklədiyini anlamırmı? Təbii ki, anlayır və müxtəlif zamanlarda bundan qaçmağa və Rusiya ilə Qərb arasında manevrlərə cəhd məhz buna hesablanmışdı. Amma Qərb bundan narazılığını dilə gətirdi və Paşinyana sərt təzyiqlər onun bir-birini təkzib edən açıqlamaları ilə təzahür etdi. Ortada daha dərin və detallı şərhə ehtiyac olan (növbəti yazılarımızda bu məsələyə toxunacağıq) qobal proseslər var və Ermənistan geosiyasi cəbhələşmədə bölgədə aktivləşdirilən bomba rolunu oynayır və bu ssenarinin müəllifi İrəvan deyil. Proseslər İrəvanın iradəsindən asılı deyil. Bunu anlamaq üçün ortada olan Zelenski nümunəsi yetərlidir. Zelenski Qərbin Ukraynanı hara sürüklədiyini bilmirdimi? Təbii ki, bilirdi, amma əmrləri icra etmək məcburiyyətində qaldı.

Müşahidə olunan mənzərə ondan ibarətdir ki, eyni ssenari Ermənistan üçün də təkrarlana bilər və Paşinyan elə bir mərhələlədədir ki, artıq geridönüş mümkün deyil. Bu səbəbdən də Qərbdən gələn əmrləri icra etməyə məcburdur.

Bu isə ilk növbədə Ermənistan və bölgə üçün qanlı münaqişə mərkəzinin əsasının qoyulması deməkdir. Ona görə də, hazırda necə ki, 2020-ci ildə geosiyasi vəziyyət Azərbaycanın lehinə idisə, indi də Azərbaycanın öz suverenliyini tam təmin etmək üçün zəmin yaranıb.

Rusiya, İran, Gürcüstan və xatırlatmağa ehtiyac duymadığımız qardaş Türkiyə faktorunu nəzərə alaraq konkret və qəti addım atmağın zamanıdır.

Prosesin uzanması və bunun nəticəsində, məsələn Ermənistanda hakimiyyət dəyişikliyi, rusiyameyyli qüvvələrin hakimiyyətə gətirilməsi, yaxud Qərbin İrəvanda tam güclənməsi və.s kimi durumlar Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Buna görə də vəziyyətin daha da mürəkkəbləşməməsi və Ermənistanın sülhə məcbur edilməsi üçün hərbi əməliyyatlar Azərbaycanın hüququdur və istənilən zaman bu istiqamətdə addım atıla bilər.

Azərbaycan dövlətinin buna hərbi və diplomatik gücü tam olaraq yetir və ABŞ-Ermənistan birgə təlimlərindən sonra bunu müşahidə etməyimiz istisna deyil...

Əli Zülfüqaroğlu




  • 14-09-2023, 12:27