Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin Dövlət Himnləri səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.
Asip Kaya, Fuad Nəcəfli çıxış edərək Zəfər Bayramı münasibətilə təbriklərini çatdırıb, hər iki ölkənin dövlət başçılarının ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərini daha yüksək səviyyədə inkişaf etdirdiyini vurğulayıblar. Bildirilib ki, “bir millət, iki dövlət” və tək yumruq müstəvisində inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri bölgədə yeni reallıqlar yaradıb.
Tədbirdə Türkiyənin şanlı zəfər tarixindən bəhs edən videoçarx nümayiş olunub. Mərasim sonra bədii hissə ilə davam edib.