Azərbaycan diplomatiyasının növbəti uğuru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasətinin məntiqi nəticəsidir.
Cari ilin 11 avqust tarixində Ermənistanın BMT Təhlükəsizlik Şurasının növbədənkənar fövqəladə iclasının keçirilməsi ilə bağlı müraciəti cəmi beş gün sonra avqustun 16-da baş tutdu. Təcili iclasın çağırılmasında rəsmi İrəvanın məqsədi “blokada” və ya “humanitar böhran” adı ilə ölkəmizə qarşı əsassız və sübutu olmayan iddialar qaldırmaq və Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması yalanları ilə beynəlxalq gücdən istifadə edərək rəsmi Bakıya qarşı təzyiq etmək idi.
Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb. “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Hətta Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Ümumiyyətlə BMT tərəfindən Ermənistanın müraciətinə belə qısa zamanda reaksiya verilməsinin özüdə ikili standartlardan xəbər verir.
Görünür artıq BMT Ermənistan kimi riakar və şantajçı dövlətin əlində oyuncağa çevrilib. Əlbətdə burda Ermənistana himayədarlıq edən bəzi anti-Azərbaycan mövqedə olan dairələr və dövlətlər var. Bütün bunlara baxmayaraq Ermənistanın dezinformasiyaları və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün uzun müddətdir apardığı manipulyasiya cəhdləri iflasa uğradı.
Artıq bir ilə yaxındır Ermənistan tərəfi Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizində postun ləğv olunması üçün bütün xarici və daxili resurslarından istifadə etməklə Azərbaycana qarşı informasiya müharibəsi aparırdı. Heç bir nəticəsinin olmadığını gördükdən sonra son çarə kimi BMT-yə müraciət edərək Azərbaycana qarşı hər hansısa bir qərarın çıxarılmasına çalışırdı.
Ermənistanın bu hərəkəti növbəti riyakarlığın və həyasızlığın göstəricisidir. Çünki bütün dünyaya bəllidir ki, 30 il torpaqları işğal altında qalan biz, öz doğma yurdlarından qovulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünü olan biz, amma bizi hər hansısa məsələdə Ermənistan ittiham edir. Əslində BMT bizə təşəkkür etməlidir ki, Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan 4 qətnaməsini Azərbaycan dövləti həyata keçirdi. Növbəti ikiüzlülükdür ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Ermənistan, indi qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım dilənir.
Burda digər məsələ isə BMT-nin bir təşkilat kimi öz funksionallığını və ciddiliyini itirməsidir. Mövcud vəziyyət onu göstərir ki, BMT artıq müstəqil təşkilat deyil və ayrı-ayrı dairələrin əlində alətə çevrilib. Əbəs yerə cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında BMT-nin sturukdurunda ciddi dəyişikliyə ehtiyac var deməmişdir. Sevindirici haldır ki, müzakirə zamanı Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində ölkəmizə qarşı yekun sənəd qəbul edilmədi. Qarşı tərəfin bütün iddiaları əsassızdır, çünki baş verən proseslər Azərbaycanın ərazi bütövlüyü və süverenliyi ilə bağlıdır.
Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir; Bundan əlavə Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir. Birmənalı olaraq deyə bilərik ki, bu siyasi qalibiyyətin baş memarı cənab Prezident İlham Əliyevdi. Bütün erməni təşkilatları və lobbiləri müzakirədən qabaq nədənsə arxayın idilər ki, Azərbaycana qarşı güclü təzyiqlər olacaq. Amma bunların heç biri baş vermədi.
Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi və Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın uğurlu xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. Artıq rəsmi Bakı regiondakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində kifayət qədər dolğun və obyektiv təəssürat formalaşdıra bilib. Bu həm də ölkəmizin uğurlu diplomatik-siyasi fəaliyyətinin, hücum diplomatiyasının və bütün məsələlərdə beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir. Humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edən Ermənistan Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır. Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.
Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təklif edib. Ümud edirik ki, döyüş meydanında məğlub olan düşmən siyasi arenada da məğlub olduğunu düzgün qiymətləndirəcək və bölgədə davamlı sülh üçün yaranmış tarixi fürsətin qaçırılmamasının həyati əhəmiyyətini dərk edəcək.
Eldəniz Zeynalov Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi