AZ   |   RU
Sentyabr- oktyabr aylarında Qarabağda ciddi toqquşmalar gözlənilir - ekspert rəyi



"Bu gün məntəqədən keçən 60-a yaxın şəxsin rus vətəndaşı olduğu bildirilib. İstər rus olsunlar, ya da erməni hər halda onlar separatçılardır və artıq regionu tərk etdiklərinin şahidi oluruq. Bu əslində qarşıdan gələn toqquşmaların xəbərçisidir". 


Bu sözləri Missiya.Az-a açıqlamasında politoloq Turan Rzayev deyib.


Onun sözlərinə görə faktiki olaraq separatçılar iki ciddi hadisənin: Azərbaycanın diplomatik-siyasi qələbəsinin; Ermənistanın dırnaqarası tır şousunun və Bakını BMT-nin Təhlükəsizlik Şurasında şikayət etməsi fonunda keçirilən iclasın nəticəsizliyi onlara yolun sonunu göstərdi. Artıq Xankəndidə Arayik Arutyunyan, Vardanyan və Samvel Babayan arasında daxili çəkişmə gedir: "Onlar bir - biriləri ilə hakimiyyət üzərində mübarizə aparır. İndiki məqamda Arutyunyan çox çətin vəziyyətdədir. O həm Rusiyanın kadrı olan Vardanyan, həm də Azərbaycanın maraqlarına xidmət etmək istəyən separatçı Babayanın təhdidlərinə məruz qalır. Sözügedən hadisələrin fonunda həmin rus əsilli separatçıların Xankəndini tərk etməsi onu deməyə əsas verir ki, sentyabr və oktyabr ayları Qarabağda proseslərin gərginləşəyindən xəbər verir. Ermənistan özü də şərti dövlət sərhədinə əlavə hərbi qüvvələr cəlb edir. Separatçılar yeni səngərlər qazırlar. Mülki əhalinin də ərazini tərk etməsi Qarabağ uğrunda ciddi toqquşmaların olacağını göstərir"



Turan Rzayev hesab edir ki, Azərbaycan ilkin olaraq kiçik, xəbərdaredici antiterror əməliyyatları keçirə bilər. Söhbət Qisas 1, Qisas 2 kimi əməliyyatlardan gedir: "Bu Qisas 3 də ola bilər ki, reinteqrasiya prosesinə dinc yolla gedilsin. İrəvan bundan dərs çıxarmasa sentyabr-oktyabr aylarında genişmiqyaslı antiterror əməliyyatları və Ermənistanın proseslərə müdaxilə edəcəyi təqdirdə onlara qarşı paralel olaraq məcburetmə əməliyyatları da başlaya bilər. Belə bir proqnoz da verə bilərəm ki, Şuşada və digər işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Xankəndidə də Azərbaycan bayrağını qaldırıb Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə "Xankəndi azaddır!" kimi məruzə ediləcək" 


Riskli faktorlardan da danışan politoloq qeyd edib ki, Rusiya 44 günlük Vətən müharibəsində olduğu kimi yenə də proseslərə müdaxilə edə bilər. Rəsmi Moskvanın əsas məqsədi indiki məqamda hadisələri 1988-ci il reallıqlarına qaytarmaqdır: "Məsələ ondan ibarətdir ki, Azərbaycanın Xankəndiyə daxil olub orda bayrağı qaldıracağı təqdirdə Rusiya buna qarışa və erməni icması ilə görüş keçirməyə çalışa bilər. Elə bir neçə gün bundan öncə də erməni mediasında 14 maddəlik bir danışıqlar sənədi ortaya çıxdı, həmin layihənin müəllifinin də Lavrov olduğu söylənildi. Azərbaycan Xankəndiyə girsə Rusiya 14 maddəlik sənədi ortaya atmaq istəyəcək. Onlar Bakını bu maddələrə razı salmağa, həmçinin reinteqrasiya prosesi çərçivəsində sülhməramlıların müddətinin daha 5 il uzadılmasına nail olmağa çalışacaqlar. Lakin rəsmi Bakı bununla barışmaq istəmir. Azərbaycan nə həmin maddələri, nə də reallıqların dəyişməsini əsla qəbul etməyəcək".


Zərintac Mayisqızı
Missiya.Az


  • 21-08-2023, 22:11