İyulun 25-də Bakıda Misirin milli bayramı - İyul İnqilabının 71-ci ildönümü qeyd olunub.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, inqilab, həmçinin Misiri ərəb dünyasında regional lider edib və onun təsir sərhədlərini aşaraq Afrika, Asiya və Latın Amerikasında müstəqillik hərəkatlarını ruhlandırıb.
İki ölkə arasındakı əlaqələrdən danışan səfir qeyd edib ki, Azərbaycan və Misir arasında hər zaman səmimi dostluq münasibətləri olub. Səfir vurğulayıb ki, Misir 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. “Keçən il biz hökumətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik”, - deyə o vurğulayıb.
Sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib.
Nazir xalqlarımızı dini və tarixi bağlara əsaslanan ənənəvi dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib, bu gözəl ənənələr üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu gün də yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
O, həmçinin ikitərəfli münasibətlərimizlə yanaşı, ölkələrimiz arasında beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı dəstəyi də vurğulayıb.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, media nümayəndələri iştirak ediblər.