AZ   |   RU   |   Köhnə versiya

Şuşa bəyannaməsi: İlham Əliyev təhlükəsiz gələcəyimizi təmin etdi



Bir-birini əvəzləyən uğurlarımıza şahidlik etdikcə, Azərbaycanın Zəfər salnaməsinin bitib tükənməyəcəyinə, əbədi davam edəcəyinə əminlik yaranır. Bütün düyünlərin Qarabağda çözüldüyü o gün gəlib çatdı. Qurtuluşunu qeyd edən Azərbaycan, bu günə daha bir tarix yazdırdı. Bu tarixə Quruluş günü də demək olar. 15 iyun həm də iki qardaş dövlətin birləşərək Quruluşa imza atdığı gün kimi tarixdə qaldı. Şuşa bəyannaməsi ilə iki qardaş arasında  yeni bir quruluşun təməli atıldı. Bu təməlin elə Şuşanın üzərində bərqərar olduğu sıldırım qayalar kimi möhkəm olacağı şübhəsizdir. Niyə məhz Şuşada? Niyə Qarabağın mədəniyyət incisi, həm də geosiyasi düzənin yeni quruluşunun başlanğıc nöqtəsi seçildi?

Müttəfiqlik bəyannaməsinin təqdimatını edən cənab prezident bu müqavilənin 100 yaşlı Qars müqaviləsinə istinadən tərtib olduğunu qeyd etdi. Bu bəyanatın özü Ermənistanın daha bir məğlubiyyətinə işarə idi. Məlum Qars müqaviləsi 100 il öncə Qarabağ-Zəngəzur dəhlizinin bolşeviklərin 11-ci qızıl ordusu   tərəfindən işğal olunmasının qarşısını almışdı.  O zamanlar Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmir, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılırdı. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar. Başlanğıcda, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün oldu. Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi.

Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım idi. Qarabağı 30 ilə yaxın müddət ərzində işğalda saxlayan ermənilər, Azərbaycanın suveren ərazi hüdudlarını kobud şəkildə pozaraq, qətliamlar, soyqırımlar törədərək əldə etdikləri üstünlüklərdən istifadə edib bu il imzalanmasının 100 ili tamam olacaq Moskva və Qars müqavilələrinin denonsasiya edilməsi məsələsini dəfələrlə  gündəmə gətirmişdilər. 



Ermənistanda ənənəvi olaraq Moskva və Qars müqavilələrinin denonsasiya edilməsini əsasən Daşnaqsutyun və Miras partiyaları gündəmə gətirirdi. Bundan başqa Ermənistan Rusiyada da bəzi dairələrlə birlikdə Qars və Moskva müqavilələrinin denonsasiya edilməsini müzakirə edir və dəstək arayırdı.

2015-ci ilin dekabr ayında Rusiyada Gənc ermənilər konqresi və Qara dəniz, Xəzər dənizi hövzəsi siyasi və sosial tədqiqatlar institutu Moskva və Qars müqavilələrinin denonsasiya edilməsi məsələsinin müzakirə ediləcəyi haqqında elan vermişdi. 

Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədrinin müavini Valeri Raşkin və Kommunist Partiyasının Mərkəzi Komitəsinin Katibi Serqey Obuxov 16 Mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin ləğv edilməsi üçün Prezident Vladimir Putinə və XİN rəhbəri Serqey Lavrova müraciət etmişdilər.   

Müraciətdə deyilirdi: 

“Hesab edirik ki, Türkiyənin yüksələn təcavüzü şəraitində ölkəmiz və müttəfiqlərimiz üçün əlverişli olmayan bütün Rusiya-Türkiyə razılaşma və müqavilələri yenidən gözdən keçirmənin hüquqi yolları axtarılmalıdır. Ankara konfliktin eskalasiya olmasının onun üçün necə nəticə verəcəyini anlamalıdır. Yalnızca bu Türkiyəni ayılda və yeni təxribatlardan çəkindirə bilər.”



Bu müraciətdə “ölkəmiz və müttəfiqlərimiz üçün əlverişli olmayan” ifadəsi birbaşa Ermənistanı nəzərdə tuturdu.

Bu günədək Moskva və Qars müqavilələrinin denonsasiya olunması üçün müqavilədə imzası olan tərəflərdən heç biri rəsmi olaraq bu barədə təşəbbüs göstərməyib. Ancaq bu o demək deyildir ki, tərəflərdən hər hansı biri buna heç bir zaman təşəbbüs etməyəcəkdi. Bu gün bölgədə təhlükəsizlik mühiti o qədər gərgindir ki, müqavilədə imzaları olan dövlətlərdən Rusiya və Ermənistan bunu edə bilərdi, xüsusilə də Rusiya.

Ermənistan hər zaman olduğu kimi bu məsələdə də  Rusiyanı təhrik edən siyasət həyata keçirir və ilk addımı Rusiyanın atmasını istəyirdi. 

Və budur, 100 il sonra Azərbaycanın siyasət dühası olan İlham Əliyev mükəmməl gedişlə şah və mat oyunu göstərdi. Ermənilərin daha bir arzusu ürəyində qaldı. Qars müqaviləsi nəinki denonsasiya məsələsi ilə gündəmə gəldi, əksinə Qars müqaviləsinin tələbləri daha da möhkəmləndi, ömrü uzandı və daha da inkişaf etdi.  Əslində bu gedişlərin də anonsu 10 noyabr 2020-ci ildə verilmişdi. 

Sitat:

“Biz müharibəni udduq, düşmənə döyüş meydanında qalib gəldik, keçirik diplomatik mübarizəyə.” - belə demişdi, cənab prezident. 

Gülə-gülə, özünə arxayın tərzdə demişdi. Çünki nəyi,   necə,  nə vaxt edəcəyini gözəl və yalnız özü bilirdi. Şuşa bəyannaməsi Azərbaycanın artıq tək Qarabağda deyil, bütün Qafqazda, regionda qalib olduğunun,   diplomatik müstəvidə qələbəsinin əyani sübutudur. Azərbaycan bəlkə də yeganə dövlətdir ki, əldə etdiyi zəfərdən istifadə edib illərlə ona qənim kəsilmiş dövlətə qarşı ərazi iddiasında olmadı. Şuşa bəyannaməsi ilə İlham Əliyev sülhsevər, insansevər, adil ölkə başçısı, ədalətli diplomat olduğunu bəyan etdi. İllər keçəcək, tariximizin yazıldığı dərsliklərdə bu mövzuda ətraflı  faktlar, məlumatlar yer alacaqdır. 

Bu bəyannamənin hər bir bəndində  Azərbaycanın gələcəyini əks etdirən önəmli addımlar qeyd olunub. 

Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.



Bəyannamənin istinad etdiyimiz bu bəndində  bölgədə sülhün və əminamanlığın, iqtisadi inkişafın və s. reallaşması üçün beynəlxalq hüquq əsasında necə həyata keçiriləcəyi aydın göstərilib.

Bəlkə bu nümunədən sonra müttəfiq olmaq istəyən, qardaşlıq nümayiş etdirən dövlətlər olacaq. Bəlkə də hətta bundan sonra müttəfiq axtarışına çıxanlar olacaq. Çünki Azərbaycan-Türkiyə münasibətləri o qədər real, o qədər səmimi və o qədər qanunauyğunluq təəssüratı bağışlayır ki, çoxları bu sevdaya düşəcək. Amma heç kəs bunu bu səviyyədə dünyaya təqdim edə bilməyəcək. 

Cəmi 8 ay öncə özünü canlı sipər edərək, sıldırım qayalara dırmaşıb, düşməni üzbəüz döyüşdə, qol gücünə məhv edib azad etdiyimiz gözəllər gözəli Şuşa şəhərində imzalanan, hər bəndi bir tarix olan Şuşa bəyannaməsi bütün dünyaya bir ismarış oldu. 

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. – Bu bənd onu deyir ki, dünya, dostluq var, qardaşlıq var, bacaran buyursun. 

Və ən əsası, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. – bu isə o deməkdir ki, Şuşada imzalanan bəyannamə elə Şuşanın sıldırım qayaları  kimi bəzən sərt üzlü, bəzən də xarıbülbül çiçəyi kimi incə ruhludur. Ruhumuzu tapdalamaq istəyən, mütləq sərt üzümüzü görəcəkdir. İstənilən halda yolumuz uzundur. Yolumuz bundan sonra başlayır. Bizi Qarabağa aparan yol, Şuşadan yeni istiqamət götürdü. Xeyirli-uğurlu olsun.


Lamiyə Rövşənqızı 




Baxış sayı: 330
  • 17-06-2021, 18:22