"Azərbaycan Türkiyə ilə birlikdə üçüncü gücü formalaşdıracaq ki, bu da yaxın gələcəkdə nə Amerika, nə də Rusiyanın birbaşa diktəsinə tabe olmayacaq. Sözügedən gücdə əsas rolu isə Azərbaycan və Türkiyə oynayacaq".
Bu fikirləri Missiya.Az-a açıqlamasında siyasi ekspert Turab Rzayev deyib.
Turab Rzayev bildirib ki, Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycan üçün müsbət tərəfləri ilə yadda qaldı. Ərdoğan regionda və dünyada daha güclü Türkiyə ideologiyasının tərəfdarıdır. Bu ideya təkcə Rəsmi Ankara üçün yox bir çox kənar ölkələrdə, dünya ictimaiyyətində rəğbətlə qarşılanır:
"BMT-nin baş katibi son açıqlamasında bildirdi ki, artıq II Dünya müharibəsindən sonra qurulmuş BMT təhlükəsizlik şurası tələbata cavab vermir. Azərbaycanın ikinci Qarabağ savaşında Türkiyənin ciddi dəstəyinə ehtiyacı var idi. Həmin dövrlərdə istər Ərdoğan, istərsə də İbrahim Kalın, həmçinin Mövlud Çavuşoğlu açıq şəkildə Azərbaycana dəstək verdilər. Vurğuladılar ki, başqa bir ölkə münaqişəyə daxil girərsə, onlar da daxil olacaq. F-16-larını gətirib Gəncəyə qoydular, ölkəmizi açıq formada müdafiə etdilər. Həmişə Azərbaycanın yanında oldular".
Qarabağ münaqişəsini yekunlaşdırmaq üçün 2 ilə yaxın müddətimizin qaldığını ifadə edən politoloq söyləyib ki, nəzarət buraxılış məntəqəsində tam nəzarəti sahib olmaq və rus sülhməramlılarının getməsini istəyirik:
"Bütün Qarabağ üzrə ölkəmizin inzibati idarəetməsi formalaşsın, Qarabağ yenidən Azərbaycana inteqrasiya edilsin və rus sülhməramlıları oradan çıxarılsın. Ordumuz, polisimiz tam nəzarətə nail olsun".
Ekspert qeyd edib ki, sözügedən proseslərdə Azərbaycana Qardaş ölkənin dəstəyi, Ərdoğan kimi daim Azərbaycanın yanında yer alan, ordusu, hərbi qüdrəti ilə tanınmış bir lider gərəkdir:
"Bizə, daha çox Azərbaycan əleyhinə olan şəxsləri yanına almış, məsələn Ünal Çevikgöz kimi insanlar lazım deyil. CHP-dən olan Çevikgöz 44 günlük müharibə zamanlarında: "Azərbaycan İŞİD-çilər və Cihadçıları gətirib döyüşdürür söyləmişdi". Guya biz orada soyqırım, kimyəvi silah istifadə edirik. Belə iddialarla dövlətimiz əleyhinə açıqlamalar verirdi. Bütün bunların başında isə Kamal Kılıçdaroğlu dayanır. O, müharibəmizdə bizə kömək etməyəcəkdi. Türkiyənin bölgədə və dünyada gücünün olmamasını, özünə qapanmasını arzulayan, az qala bizim Qarabağda, Suriyada, Liviyada nə işimiz var deyən biri Azərbaycanın yanında necə duracaqdı. Aydın məsələdir ki, bu ancaq siyasi və sözdə olacaqdı, yoxsa real dəstək görməyəcəkdik. Əvvəlki dövrlərdə yaşandığı kimi kimi..."
Turab Rzayev onu da vurğulayıb ki, hazırda Türkiyədə Rəcəb Tayyib Ərdoğan kimi prezidentin olması ilə Azərbaycanla orta dəhliz layihəsi, sabah Zəngəzur koridoru işə düşəcək. Daha sonra Türkmənistandan təbii qaz birbaşa Xəzər dənizi ilə Rəsmi Bakıya, oradan da rəsmi Ankaraya gedəcək:
"Transxəzər qaz kəməri fəaliyyət göstərəcək, Qazaxıstan nefti Azərbaycan üzərindən Türkiyəyə daşınacaq. Türk Dövlətləri Təşkilatı güclənəcək, təşkilatın tərkibində bütün türkdilli ölkələrin münasibətləri sıxlaşacaq. Azərbaycan Türkiyə ilə birlikdə 3-cü gücü formalaşdıracaq ki, bu da yaxın gələcəkdə nə Amerika, nə də Rusiyanın birbaşa diktəsinə tabe olmayacaq. Təbii ki, sözügedən gücdə əsas rolu isə Rəsmi Bakı və Ankara oynayacaq".
Zərintac Mayisqızı
Missiya.Az