AZ   |   RU
Azərbaycan-Litva biznes forumu ölkələr arasında tərəfdaşlıq üçün yeni imkanlar açır


"Azərbaycan-Litva biznes forumu xüsusilə Avropanın enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi baxımından çox mühüm hadisədir”.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak edən investisiya şirkətinin təsisçisi Tomas Frater deyib.

"Azərbaycanın enerji məsələlərində rolu çox böyükdür. Biz sizinlə bu sahədə əməkdaşlıqda maraqlıyıq. Burada mövcud olan enerji resursları nəzərə alınmaqla, gələcəkdə də Azərbaycana sərmayələr yatırılması mümkündür", - o bildirib və Azərbaycanın Avropanın enerji bazarında ciddi oyunçu kimi mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb.

T. Frater yaxın gələcəkdə Bakıda əməkdaşlıq məsələlərinin müzakirəsini səbirsizliklə gözlədiyini deyib: "Biz həmçinin Azərbaycanın enerji resurslarının inkişafı sahəsində səylərini dəstəkləməyə hazırıq".

Kənd təsərrüfatı məhsullarının emalı və ekoloji təmiz qida məhsullarının istehsalı ilə məşğul olan digər bir litvalı sahibkar Gintas Stasiunaitis istehsal etdikləri məhsulları Azərbaycan bazarında satmaqda maraqlı olduğunu bildirib. G.Stasiunaitis daha əvvəl də Azərbaycan-Litva forumunda iştirak etdiyini və bunun rəhbərlik etdiyi şirkətin əməkdaşlığın qurulmasına və məhsullarının Azərbaycana tədarükünə kömək etdiyini nəzərə çatdırıb.

"Biz ümid edirik və hətta əminik ki, bu forum daha da uğurlu olacaq və biz yeni əlaqələr qura biləcəyik. Azərbaycan çox yaxşı tərəfdaşdır, biz bunu bilirik, çünki biz burada artıq uğurla layihələr həyata keçirmişik", - o deyib.

Texnologiyalar və neft-kimya proseslərinin təhlili sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edən şirkəti təmsil edən Riçardas Sprana da bu biznes forumu işgüzar əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, həmçinin hər iki tərəf üçün faydalı olan yeni layihələrin aşkar olunması üçün yaxşı fürsət kimi qiymətləndirib.



  • 23-05-2023, 18:34