AZ   |   RU
Avropanın mövqeyi ermənilərin təpəsindən tüstü çıxarır - Brüsseli “ topa tutan” İrəvan köhnə bayatılardan qurtula bilmir - ŞƏRH

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Liderlərin görüşündən sonra bəyanatla çıxış edən Şarl Mişel bildirdi ki, tərəflər bir sıra məsələlərin həllində razılığa gəliblər. Şarl Mişelin Qarabağdan, orada yaşayan ermənilərdən və Laçındakı sərhəd nəzarət buraxılış məntəqəsindən danışmaması Ermənistan cəmiyyətində açıq qıcıq doğurub.


Bir neçə gündür ki, erməni mediasında bununla bağlı xəbərlər yayılmaqdadır. İctimaiyyət nümayəndələri durmadan bəyan edirlər ki, Avropa hazırda İrəvandan çox Bakının mövqeyini dəstəkləyir. Görünən odur ki, Avropanın yeni reallıqları qəbul etməsi Ermənistan cəmiyyətini çaş-baş vəziyyətə salıb. Çünki onlar uzun illər ərzində uydurma yalanlar danışaraq dünyanı özlərinin qondarma  təbliğatına inandıra bilmişdilər. Bu məsələdə erməni diasporunun da xüsusi rolu vardı. Ancaq 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə demək olar ki, hər şey dəyişdi və dünya Azərbaycanın haqlı mövqeyi ilə barışmağa meyilləndi.


92-93-cü illərdə Azərbaycan ərazisinə hücum edərək torpaqlarımızı işğal edən bədnam qonşumuz həmin əraziləri özününküləşdirməyə can atırdı. Erməni əhali də həmin torpaqları “qədim Ermənistan ərazisi” kimi təqdim edirdi. Hətta Azərbaycanın öz ərazilərini azad etməsini Ermənistan cəmiyyəti “işğal” kimi qələmə verməyə can atır. Ancaq buna baxmayaraq, Ermənistan özü də daxil olmaqla dünya ölkələri və bir sıra nüfuzlu təşkilatlar həmin əraziləri Ermənistan ərazisi kimi tanımadılar. 


44 günlük müharibə zamanı Rusiyaya böyük ümid bəsləyən, lakin  Kremldən heç bir dəstək ala bilməyən Ermənistan cəmiyyəti məğlubiyyətin səbəbi kimi Moskvanı günahlandırmağa başladı. Həmin müddətdən sonra tərəflər arasında aparılan danışıqlar zamanı Brüsselin Azərbaycanın haqlı mövqeyindən yana olduğunu hiss edən ermənilər Moskva ilə yanaşı Qərbə də olan ümidlərinin üstündən xətt çəkdilər. 


Əslində isə Ermənistan cəmiyyəti burada Moskva və Qərbi günahlandırmaq əvəzinə özlərini qınamalıdırlar. Onlar anlamalıdırlar ki, bölgə ilə bağlı nizam dəyişib və onların Azərbaycanla bağlı söylədikləri uydurma yalanlara artıq Brüssel, Vaşinqton və Moskva heç bir reaksiya vermir. Ermənistan cəmiyyətinin indi anlamalı olduğu bir şey var: Azərbaycanla sülh müqaviləsi imzalamaqdan və komunikassiya xətlərini açmaqdan başqa yolları yoxdur. Brüssel də , Moskva da Ermənistana anlatmağa çalışır ki, köhnə bayatılar və əzəli isterik davranlışlar indi keçərli deyil. İndi mövcud reallıqlara dərin yanaşmaları özündə birləşdirən, təhlükəsiz və təminatlı gələcəyə hesablanmış konseptual proqramların zamanıdır. Belə üstünlüyü olan, ciddi arqumentlərə və tarixi reallıqlara söykənən Azərbaycan,  bezdirici hikkəsi ilə köhnə standartlardan qurtula bilməyən, qlobal inkişafa töhfə vermək potensialına malik olmayan Ermənistanla müqayisədə əlbəttə ki, daha cazibəlidir. Avropa üçün də, dünya üçün də!




Daşqın Həsənov
Missiya.Az




  • 18-05-2023, 14:58