İmişli rayon Heydər Əliyev Mərkəzinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra Ulu Öndərin adını daşıdığı parkda rəsm sərgisinə baxış keçirilib, balacaların ifalarında musiqilər dinlənilib.
Tədbirin bədii hissəsi başlamamışdan öncə Dövlət Himni səsləndirilib. Daha sonra çıxış edən icra başçısı qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin dahi şəxsiyyətlər sırasında əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşməni məhv edərək, uzun illər işğal altında olan torpaqlarımızı azad etməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını və bu müdrik ideyaların Azərbaycan xalqını xoşbəxt gələcəyə doğru apardığını sübut edən mühüm tarixi hadisədir. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaq.
Tədbirin sonunda Ulu Öndərin zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.