Babək rayonunun Cəhri qəsəbəsində Aprel döyüşlərinin qəhrəmanı, şəhid mayor Rasim Məmmədov və atası Sədərək döyüşlərinin iştirakçısı, qazi Əbdül Məmmədovun xatirəsinə inşa olunan bulaq-abidənin açılışı olub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, əvvəlcə şəhid-mayor Rasim Məmmədov və atası, Sədərək döyüşlərinin iştirakçısı, qazi Əbdül Məmmədovun məzarları ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan və ölkəmizin digər bölgələrindən şəhid ailələri, qazilər, Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov, Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Hacıyev, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, şəhid Rasim Məmmədovun oğlu Asim Məmmədov, qardaşı Şahin Məmmədov mayor Rasim Məmmədovun keçdiyi şərəfli döyüş yolundan və Aprel zəfərindən danışıblar. Bildirilib ki, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. 7 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi olub.
Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, şəhidin tələbə yoldaşı Mahmud Əmirov, əmisi Süleyman Məmmədovun və digərlərinin çıxışları dinlənilib. Qeyd edilib ki, mayor Rasim Məmmədov Aprel döyüşlərində, atası Əbdül Məmmədov isə 1992-ci ildə Sədərək rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstəriblər. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Lələtəpə yüksəkliyinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Atası Əbdül Məmmədov isə oğlunun şəhadətindən cəmi 23 gün sonra dünyasını dəyişib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Rasim Məmmədov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda" və "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalları ilə təltif edilib.