Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.
Bu barədə Missiya.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən regional proseslər müzakirə edilib.
Nazirlər müqəddəs Ramazan ayı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək ayın bütün İslam dünyasına sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
C.Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb. Feysəl bin Fərhan Al Səudun ölkəmizə ötən ilki səfəri, və cari ilin fevral ayında XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Nazir Feysəl bin Fərhan Al Səud iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.