AZ   |   RU
Fars-molla rejimindən yeni səfir təyinatı – İranın Ermənistanı Suriyaya çevirmək arzusu


İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşandığı bir zamanda Tehran hakimiyyətinin atdığı növbəti ermənisayaq addım politoloq və ekspertlərin diqqətini cəlb edib.

Missiya.Az “Azad İran” kanalına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi İrəvandakı səfirinin, ermənipərəst mövqeyi və bəyanatları ilə tanınan Abbas Bədəxşan Zühurinin öz postundan geri çağırıldığı, onun yerinə İranın 


Suriyadakı səfiri Mehdi Sübhaninin təyin olunduğu barədə məlumat yayıb.

 
Bununla bağlı mollakratiyanın əlaltıları və müstəqil ekspertlər müxtəlif şərhlər yazırlar. İtaliyada çalışan iranlı siyasi təhlilçi Əbdürrəsul Divsalar da özünün tviter səhifəsində bu təyinata münasibət bildirib. Farsca yazdığı qısa postda o, təyinat barədə xəbəri paylaşaraq belə yazıb: “Bu təyinatdan asimmetrik hərbi addımların qoxusu gəlir!”


Divsalar ingilis dilində yazdığı digər tvitdə isə, fikrini daha geniş ifadə edərək deyib: “İranın Dəməşqdəki sabiq səfiri Ermənistana göndərilib. O, “SEPAH”ın Qüds qüvvələrinin nəzarətində olan vəzifəni tuturdu. İrəvanın təhlükəsizlik xidmətinin təmsilçisi də İranın Azərbaycan-Ermənistan münaqişəsinə həlledici yanaşmasından danışır. Ola bilər ki, İran İrəvana asimmetrik təhlükəsizlik yardımını nəzərdən keçirsin!”

 

İranın yeni səfir təyinatı ilə bağlı yazılan şərhlərin əksəriyyətini bir məqam birləşdirir:  Suriyadakı İran səfirinin Ermənistana göndərilməsinin Bakıya açıq mesaj olması, Tehran rejiminin Azərbaycana qarşı nümayişkaranə addımı xarakteri daşıması.
 

İranın son vaxtlar  Cənubi Qafqaza yönələn siyasətini, o cümlədən Azərbaycan əleyhinə getdikcə artan hərbi ritorikasını və hərəkətlərini nəzərə aldıqda, bu dəyərləndirmə heç də əsassız deyil.
 

Qeyd edək ki, 56 yaşlı Mehdi Sübhani beynəlxalq münasibətlər üzrə təhsil alıb. İngilis və ərəb dilləri ilə yanaşı, Azərbaycan və rus dillərini də bilən Sübhani bundan öncə İranın Pakistanda, Ukraynada və Türkmənistandakı diplomatik nümayəndəliklərində çalışıb. Eyni zamanda İran Xarici İşlər Nazirliyində idarə rəisinin müavini olub. Sübhani 2021-ci ildə Suriyaya səfir təyin edilməzdən əvvəl nazirliyin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
 

Sübhaninin tərcümeyi-halında ən diqqətçəkən məqam isə onun 1996-2000-ci illərdə İranın Azərbaycandakı səfirliyində əvvəlcə üçüncü, daha sonra ikinci katib vəzifəsində işləməsidir.

Göründüyü kimi harada münaqişə ocağı varsa orada peyda olan separatçı və terrorçuların dəstəkçisi Tehran rejimi indi Ermənistanı Suriyaya çevirmək istəyir. O ki, qaldı Sübhaniyə, onun kimi əli müsəlman qanına batmış yüzlərlə İran mollası belə Azərbaycanın haqlı mübarizəsinin qarşısında dayana bilməz.  


Zərintac MAYİSQIZI
Missiya.Az




  • 31-03-2023, 21:11