AZ   |   RU
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçirdilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma Talış kəndinin Baş planı əsasında görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı tikilib.

Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Bunlardan biri də inzibati binadır.

Dövlətimizin başçısı və birinci xanım inzibati binada yaradılan şəraitlə tanış oldular.

Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilib, dam örtüyü sökülərək yenidən qurulub. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğın siqnalizasiya, rabitə və videomüşahidə sistemləri ilə təchiz edilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə də tanış oldular. Uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunub. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub. Bir sözlə, burada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.

Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.

İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Görün, Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi. Əfsuslar olsun ki, Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər. İndi Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra görün, bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi.

İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.

“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. Bunu işğal dövründə niyə demirdi? İşğal dövründə nə üçün bizim işğal edilmiş bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər, kitablar dərc edilirdi. Bu çirkin əməllərə, bu qanunsuz əməllərə göz yuman beynəlxalq təşkilatlar, bəzi ermənipərəst ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?

addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!

Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Mən əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm, bir daha çıxışımı məşhur olan sözlərlə tamamlamaq istəyirəm: “Qarabağ Azərbaycandır!”.

Sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlandılar.

Dövlətimizin başçısı və birinci xanım Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış oldular.





  • 18-03-2023, 20:10