AZ   |   RU
Baş nazir: "Azərbaycanda təbii qaza tələbat təqribən 14 milyard kubmetrdir"

Azərbaycanda təbii qaza olan daxili tələbat təqribən 14 milyard kubmetr təşkil edir.

Missiya.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir. Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır", - Baş nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə 1 milyard 016 milyon 423,6 min kubmetr həcmində təbii qaz idxal edib, bu da illik müqayisədə 2 dəfə artım deməkdir. Azərbaycanın idxal etdiyi qazın dəyəri 130 milyon 634,12 min ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,7 dəfə çoxdur.

Azərbaycanın idxal etdiyi qazın böyük hissəsi (84,3%-i) – 857 milyon 066,65 min kubmetr (110 milyon 871,38 min ABŞ dolları) Türkmənistanın, qalan hissəsi isə Rusiya (həcmi - 93 milyon 265,8 min kubmetr, dəyəri – 17 milyon 254,17 min ABŞ dolları) və İranın (həcmi – 66 milyon 091,19 min kubmetr, dəyəri – 2 milyon 508,56 min ABŞ dolları) payına düşüb.

2022-ci ildə Azərbaycan 18 milyard 965 milyon 213,4 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 5,4 % azdır. Bu dövrdə qaz ixracından 14 milyard 989 milyon 675,87 min ABŞ dolları məbləğində gəlir (artım 2,7 dəfə) əldə edilib.

2022-ci ildə ixracın əsas həcmi - 11 milyard 45 milyon 320,12 min ABŞ dolları məbləğində 8 milyard 210 milyon 720,07 min kubmetr qaz (bütün ixracın 43,3 %-i) İtaliyanın payına düşüb. Azərbaycan həmçinin Türkiyəyə, Gürcüstana, Bolqarıstana, Yunanıstana, İrana təbii qaz tədarük edib.



  • 17-03-2023, 17:58