AZ   |   RU
"120 ölkənin parlament nümayəndələrinin təmsil olunduğu Parlament Şəbəkəsi yaradılıb" - Cavanşir Feyziyev

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında onuncu iclası keçirilib.

Milli Məclisdən Missiya.Az-a verilən məlumata görə, İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın qurumdakı nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı Cavanşir Feyziyev təmsil edib.

Komissiyanın sədri, Türkiyəli deputat Erol Kaya iclası açaraq, Türkiyədə baş vermiş zəlzələ və onun nəticələri barədə məlumat verib. O, qardaş türk dövlətlərinin bu təbii fəlakətlə bağlı Türkiyəyə göstərdikləri yardım və dəstəklərə görə minnətdarlığını ifadə edib. Quruma üzv dövlətlərin nümayəndə heyətlərinin təmsilçiləri salamlama nitqləri söylədikdən sonra iclasın gündəliyi təsdiq edilib. Komissiya sədri Erol Kaya diqqətə çatdırıb ki, tədbir “TÜRKPA-nın 15-ci ildönümü: Üzv dövlətlər arasında əməkdaşlıq” mövzusuna həsr olunub. İclasda bu mövzuda hesabat məruzəsinin layihəsi və tövsiyə qərarı müzakirəyə çıxarılıb.

O, mövzu barədə fikirlərini açıqlayaraq, TÜRKPA-nın türk dövlətlərinin gələcək inkişafı, üzv ölkələrin müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Onlayn tədbirdə mövzu ilə bağlı hesabat məruzəsinin layihəsini Azərbaycan nümayəndə heyətinin üzvü Cavanşir Feyziyev təqdim edib. O, TÜRKPA-nın fəaliyyət istiqamətləri, qurumun mövcud olduğu 15 il ərzində gördüyü işlər, o cümlədən komissiyaların iclasları, təşkil olunan seminarlar, qəbul edilən və nəzərdə tutulan model qanun layihələri, qurumun seçki müşahidə missiyalarında iştirakı, habelə beynəlxalq əməkdaşlıqla bağlı məlumatları diqqətə çatdırıb.

Mövzu ətrafında müzakirələrdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev hesabatın beynəlxalq əməkdaşlıqla bağlı bölümünə aid təkliflə şıxış edib. Millət vəkili Azərbaycanın sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 120 ölkənin parlament nümayəndələrinin təmsil olunduğunu Parlament Şəbəkəsinin yaradıldığını bildirib. TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığının əhəmiyyətini qeyd edib. O, qurumun əməkdaşlıq etdiyi parlament təşkilatları siyahısına Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin adının əlavə olunmasını təklif edib. Sonra komissiya sədri Erol Kaya mövzu ilə bağlı tövsiyə qərarını təqdim edib. Məsələ ilə bağlı komissiya üzvləri öz fikirlərini və bəzi qeydlərini açıqlayıblar. Müzakirələrin sonunda “TÜRKPA-nın 15-ci ildönümü: Üzv dövlətlər arasında əməkdaşlıq” mövzusunda hesabat məruzəsinin layihəsi və tövsiyə qərarı TÜRKPA-nın növbəti plenar iclasında baxılmaq üçün təsdiq edilib.

Missiya.Az

  • 9-03-2023, 17:44