Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İslam İnkişaf Bankı (İDB) arasında neft, qaz, bərpaolunan enerji və rəqəmsallaşma sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Missiya.Az SOCAR-a istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf İDB qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə bildirilib.
Görüşdə Azərbaycan ilə İDB arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, bank tərəfindən ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
SOCAR-ın ölkə daxilində və xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi haqqında məlumat verilib.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından bəhs edilib, rəqəmsal və innovativ texnologiyaların tətbiqinin, habelə bərpaolunan enerji mənbələrinin inkişafının prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyi qeyd olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.