“Zəlzələlərdən sonra Hatayda vəziyyət daha ciddidir və buna görə də orada axtarış-xilasetmə işlərinin hələ bir müddət davam edəcəyi gözlənilir”.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kahramanaraş və Adıyamanda isə axtarış-xilasetmə işləri bitmək üzrədir: “Müvafiq qurumlar öz öhdəliklərini yerinə yetirirlər. Yenidənqurma-bərpa işlərini sürətlə həyata keçirmək lazımdır”.
Nazir problemlərin həlli üçün zamana ehtiyacın olduğunu söyləyib: "Nəyə ehtiyacımızın olduğunu bilirik. Zəlzələdən sonrakı ilk günlərdə olan xaos indi yoxdur. Əlbəttə, bu fəlakət unudulmayacaq. Amma həyat davam edir".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.