AZ   |   RU
"Ermənistan İran mollakratiyasının oyuncağıdır" - İrəvanın dəhliz məsələsində sükutunun arxasında nə dayanır?


“Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır. Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun üzərində nəzarət-buraxılış məntəqələrinin yaradılması təşəbbüsü barədə çıxışında bildirib.

Mövzu ilə əlaqədar  politoloq Turan Rzayev Missiya.Az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini doğru və konstruktiv şəkildə növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıb:

"Sözsüz ki, Azərbaycan haqlı səbəblərdən buraxılış məntəqələrində ölkəmizin nümayəndələrinin olmasını tələb edir. Həmin dəhliz Rusiya sülhməramlıları ilə paralel olsa da Azərbaycanın nəzarətində olmalıdır.  Regiona qeyri-qanuni formada silahlar daşınır. Separatçıların buradan azad şəkildə gediş - gəlişi təmin olunur və Azərbaycan ərazisindəki sərvətlər qanunsuz yolla istismar edilir. Bu da Rəsmi Bakını narahat edir. Prezidentin məsələdəki mövqeyi beynəlxalq hüquqa da tamamilə uyğundur”. 




Ermənistanın sözügedən məsələyə münasibəti barədə danışan politoloq İrəvanın 30 ilə yaxındır eyni siyasi xətt üzrə getdiyini qeyd edib: 

“Düzdür, xarici siyasətdə dəyişiklik olsa da lakin Ermənistanın mövqeyində təəssüf ki, dəyişiklik görmürük. İrəvan tərəfi bəzən Azərbaycan ərazilərini tanıdıqlarını desə də söhbətin hansı sərhədlərdən  getdiyi açıqlanmır. Dəhlizlər mövzusunda susqunluqları ilə mövcud vəziyyətin qalmasına tərəfdar olduqlarını göstərirlər. Azərbaycanın nə Zəngəzur dəhlizi tələbini reallaşdırır, nə də ki, Laçın dəhlizi ilə bağlı Bakının arqumentlərinə reaksiya bildirirlər. Halbuki Azərbaycan deyir ki, ya dəhlizə dəhliz prinsipi olmalıdır. Ya da ki, Laçın dəhlizi ifadəsi tamamilə yığışdırılmalıdır. Laçında dəhliz statusu olmamalıdır". 

Mövcud vəziyyətin Ermənistanın havadarları ilə də bağlı olduğunu vurğulayan ekspert onu da əlavə edib ki, Fransa və digər dövlətlərin İrəvana  verdikləri dəstək nəticəsində Ermənistan proseslərin bu kontekstdə davam etməsini istəyir: 

“Fransa Cənubi Qafqazda təsirini saxlamaq üçün Ermənistan üzərində bu siyasəti yeridir. Gərginliyin davam etməsi Parisin vaxtaşırı proseslərə qoşulmaq,  regiona müdaxilə etməsi üçün önəmlidir. Azərbaycan tərəfi birmənalı sürətdə öz ərazisindən keçən yolun nəzarətini açıq-aydın  tələb edir. Ermənistan tərəfinə gəldikdə isə Laçın dəhlizinin qalmasını istəyir, Zəngəzur dəhlizinin reallaşmasını isə yox. Bu da ənənəvi Erməni xislətindən irəli gələn və onun status-kvonu qoruyub saxlamaq istəyindən irəli gəlir. İrəvan müharibədə uduzsa belə diplomatik yolla işləri öz xeyrinə həll etməyə çalışır”. 


Politoloq Tural İsmayılov da Missiya.Az-a açıqlamasında deyib ki, Azərbaycan tamamilə beynəlxalq hüququn mövqeyini dəstəkləyir. Ölkəmizdə Ermənistanla sərhəddə istənilən ərazidə sərhəd- buraxılış məntəqələri olmalıdır:

“Laçın yolu Azərbaycan ərazisidir. Bu günə kimi sərhəd buraxılış məntəqəsinin olmaması buradan illeqal yüklərin və daşınmaların keçirilməsinə səbəb olub və eyni zamanda Laçın yolunda nəzarət kifayət qədər yaxşı olmayıb.  10 noyabr bəyənatının imzalanmasından xeyli müddət keçib. Bu günə qədər silahli dəstələrin, separatçıların rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən çıxarılması ilə bağlı heç bir addım atılmayıb. Təbii ki, Azərbaycanın Laçının Ermənistan sərhədində nəzarət buraxılış məntəqələrinin olması ilə bağlı mövqeyi Avropa İttifaqı və ABŞ tərəfindən də dəstləklənir. Cənab Prezidentin Münxendəki çıxışında bu barədə aydın mesajlar verilib”. 




Siyasi ekspert bu gün Rəsmi İrəvanın Rusiya ilə münasibətləri tarıma çəkdiyini vurğulayıb və eyni zamanda Moskvanın  sülhməramlı qismində təmsil olunduğu üçün nəzarət-buraxılış məntəqələrinin fəaliyyətində o qədər də maraqlı olmadığını söyləyib:

“İrəvanın bu sükutu bir tərəfdən də Rusiyanın reaksiyasını gözləməklə bağlıdır. Ermənistanın Azərbaycanla münasibətərinin gələcəyi ilə bağlı müstəqil qərar qəbul etmək imkanı yoxdur. Bu gün İrəvan imperialist dairələrin, İran mollakratiyasının  oyuncağına çevrilib”.

Zərintac MAYİSQIZI 
Missiya.Az 

  • 22-02-2023, 22:45