Ukrayna və Türkiyə Ukraynanı elektrik enerjisi ilə təmin etmək üçün üzən elektrik stansiyalarından istifadəyə dair danışıqları davam etdirməklə bağlı razılığa gəliblər.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin saytında məlumat verilib.
“Üzən elektrik stansiyaları enerji sisteminin qeyri-mərkəzləşdirilməsi elementlərindən biridir, regionu elektrik enerjisi ilə təmin etmək imkanıdır. Bu, Rusiyanın hər gün enerji obyektlərimizə hücumunu davam etdirdiyi şəraitdə xüsusilə vacibdir”, - nazirliyin saytı energetika naziri Qerman Qaluşenkodan sitat gətirib.
Məlumata görə, ukraynalı nazir ilə Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yağmur Əhməd Güldərə arasında baş tutmuş görüşdə tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra digər məsələləri də müzakirə ediblər.
“Nazir Türkiyənin Ukraynanın enerji sektoruna göstərdiyi köməyə görə təşəkkür edib. O cümlədən 2022-ci ilin dekabrında Xarkov və Xerson əyalətlərinə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin xətti ilə humanitar yardım şəklində 180 generator göndərilib”, - Energetika Nazirliyindən bildiriblər.