"Dost və qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ böyük dağıntı və minlərlə itkilərə səbəb olub. Bu hadisə bizi dərindən kədərləndirdi və hər bir azərbaycanlının qəlbi bu gün Türkiyədəki qardaşlarımızla bir döyünür. Həqiqətən də, qardaş ölkə ən çətin günlərini yaşayır, amma heç kimdə şübhə yoxdur ki, Türkiyə bu ağır günləri tezliklə arxada qoyacaq. Çünki Türkiyə qüdrətli bir dövlətdir, çox belə sınaqlardan keçib. Baş verən hadisədə bizi daha çox üzən isə insan ölümləridir, bacı və qardaşlarımızı itirmişik. Onların yerini döldurmaq heç cür mümkün deyil. Onların hər birinə Uca Yaradandan rəhmət diləyirik. Eləcə də xeyli sayda yaralılar var, Allah onların hamısına şəfa versin. Türk xalqı çox mətindir, belə ağır vəziyyətlərdə daha əzmkar olurlar. İnanırıq ki, onlar öz qüdrətli dövlətlərinin ətrafında daha sıx birləşərək təbii fəlakətin bütün fəsadlarını yaxın zamanda aradan qaldıracaqlar".Missiya.Az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, baş verən hadisənin xəbəri ölkəmizə çatan kimi, Azərbaycan öz həmrəyliyini nümayiş etdirdi: "Dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi və bildirdi ki, hər cür yardım göstərməyə hazırıq. Ardınca telefonla zəng edərək ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu çatdırdı. Təbii ki, bu, sarsılmaz qardaşlıq nümunəsidir. Tarixən belə olub, bu gün də belədir.
Həmçinin Prezident İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində oldu, qardaş ölkəyə bir daha başsağlığı verdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da rəsmi instaqram səhifəsində Türkiyə xalqına güc və səbr dilədi. Hazırda bütün Azərbaycan xalqı türkiyəli qardaşlarının dərdinə şərikdir, davamlı olaraq həmrəyliklərini ifadə edirlər. Təbii ki, bu sözdə deyil, əməldə də belədir. Artıq 6-8 fevral tarixində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Ümumilikdə faciə baş verdiyi saatdan fevralın 8-dək Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdir. Azərbaycanın göstərdiyi humanitar yardıma xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri də daxildir".
Hər zaman humanist və nəcib missiyası ilə nümunə olan Heydər Əliyev Fondu da qardaş ölkəyə humanitar yardım göstərir. Artıq Fondun Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə 36 ton humanitar yardım zəlzələdən ziyan çəkənlərə göndərilib. Yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Həmçinin Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar. İnsanlarımız axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə təhvil verirlər. Bundan başqa, azərbaycanlılar qardaş ölkəyə maddi vəsait və ianələr şəklində də dəstək göstərirlər. Əminik ki, bu qardaş dəstəyi sona kimi davam edəcək", - Milli Məclisin deputatı deyib.