Azərbaycan-Ermənistan dövlət sərhəddinin müəyyənləşdirməsi zamanı Zəngəzurla bağlı səsləndirilən fikirlər fonunda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakı və İrəvana ani səfəri geniş müzakirələrə səbəb olub. Siyasi şərhçilər Cavad Zərifin regiona səfərinin məqsədləri barədə müxtəlif fikirlər səsləndirirlər. Şərhlərdən belə nəticə çıxarmaq olar ki, rəsmi Tehran Azərbaycanın Vətən Müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlardan öz payını götürmək istəyir.
Missiya.Az xəbər verir ki, erməni iranşünas ekspert Armen Vardanyan Zərifin Bakı və İrəvana səfərinin məqsədləri barədə maraqlı məqamlara toxunub.
O bildirib ki, İranın Vyanada aparılan nüvə danışıqları tezliklə başa çatacaq və razılaşma olarsa, sanksiyalar ləğv ediləcək.
Sitat:
“Tərəflər nüvə razılaşmasına qayıda bilərlər. Bu o deməkdir ki, ABŞ-ın sanksiyalarına məruz qalan İranın qapıları dünyaya yenidən açılacaq. İranın beynəlxalq bazarlara çıxmaq imkanı yaranacaq. Rəsmi Tehran iflic iqtisadiyyatını yaxşılaşdırmağı hədəfləyir. Təbii ki, İran Avropa bazarlarına çıxmağı düşünür. Avropa bazarlarına çıxmaq üçün isə Zəngəzurdan keçən yollardan istifadə olunmalıdır. Bu səbəbdən əvvəlcə yolları nəzərdən keçirməlidir. Digər tərəfdən, İran anlayır ki, Ermənistan Zəngəzuru itirsə, şimalda Türkiyə-Azərbaycan tandeminin mühasirəsinə düşəcək. Rəsmi Tehran məsələyə çox həssaslıqla yanaşır və Zəngəzurla bağlı ciddi maraqları var” – sitatın sonu.

Ekspert, çəkilməsi nəzərdə tutulan İran-Ermənistan dəmir yolu ideasının iflasından və İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın nəqliyyat xətlərinə artan maraqldan da danışıb. O bildirib ki, İran Ermənistanla dəmir yolu əlaqəsi qurmaq, Avropa bazarlarına çıxmaq üçün Azərbaycanın dəmir yollarından istifadə etməlidir.
Sitat: “10 noyabr üçtərəfli bəyanatında regionda bütün yolların blokdan çıxarılmasından bəhs edilir. Azərbaycanla Ermənistan arasında ən azı bir bəyanat səviyyəsində bir-birlərinin nəqliyyat xətlərindən istifadə etməklə bağı razılaşma var. Həmçinin Azərbaycan Ermənistanın dəmir yollarını idarə edən Rusiya ilə də danışıqlar aparır. Bildiyiniz kimi uzun müddətdir, İran və Ermənistan təxminən 4-5 milyard dollar sərmayə lazım olan dəmir yolunun tikintisini həyata keçirmək istəyir. Amma nə Ermənistan, nə də İran dəmir yolunun tikintisi üçün sərmayədar tapa bilməyib. İndi isə gözlənilmədən vəziyyət dəyişib və regionda yükdaşımaları həyata keçirmək üçün çox əhəmiyyətli imkanlar yaranıb. İran yükdaşımalar üçün Azərbaycanın dəmir yollarından istifadə etməlidir. Sovet dövründə İrəvan-Naxçıvan-İran sərhəddinə qədər dəmir yolu var idi. İndi İran malları Yerasx məntəqəsinə (Naxçıvan-Ermənistan sərhəddi – red. ), oradan isə Gürcüstana və digər ölkələrə çatdırıla bilər. Bunun üçün təbii ki, İran Azərbaycanla müzakirələr aparacaq ki, yükdaşımaları həyata keçirə bilsin” – sitatın sonu.
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı region ölkələrini əməkdaşlığa dəvət etmişdi. Prezident 3+3 formatının yaradılması ilə bağlı fikirlər səsləndirmişdi. Həmin formatda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və işğalçılıq siyasətindən imtina edərsə, Ermənistanın daxil edilməsi nəzərdə tutulurdu. Proseslər göstərir ki, artıq rəsmi Tehran bu formatın reallaşdırılması üçün addımlar atmağa başlayıb.
Elvin
Missiya.Az