AZ   |   RU
Moldovada 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTOLAR

Moldovanın paytaxtı Kişineuda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirliyin önündə faciə qurbanlarının xatirəsinə həsr edilmiş guşə önünə çiçəklər düzülüb.

Anım tədbirində Qanlı Yanvar faciəsinin ildönümünü və vətənimizin azadlığı naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Moldovada yaşayan çoxsaylı soydaşlarımız, ölkənin dövlət və ictimaiyyət nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin idarə və şöbə müdirləri, yəhudi diaspor təşkilatların nümayəndələri, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov 20 Yanvarın anım və qürur günü olduğunu bildirib.

Səfir 20 Yanvar hadisələrinə ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O gün şəhid olan bütün qəhrəmanların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayan Q.Osmanov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər azadlıq və vətənin bölünməzliyi uğrunda canlarından keçən hər bir şəhidin ruhunu şad edib. Azad olunmuş ərazilərdə quruculuq bərpa işlərindən söz açan diplomat dövlət başçısı İlham Əliyevin yeni prioritet adlandırdığı azərbaycanlıların Qərbi Azərbaycana öz doğma torpaqlarına da yaxın zamanlarda qayıdacağına ümüdvar olduğunu bildirib.

Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun Moldova tərəfindən sədri Vitali Jakot çıxışında sovet hakimiyyətinin dinc azərbaycanlılara qarşı törətdiyi cinayəti pisləyib, Moldova ilə Azərbaycan xalqlarının oxşar taleyindən, ərazilərində separatizm ilə üzləşdiyini söyləyərək, bənzər fəciələrin təkrar olunmaması üçün beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə düzgün siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

Moldovanın Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste çıxışında qeyd edib ki, Moldova Hökuməti terror, insan ölümünə səbəb olan istənilən təcavüzü qətiyyətlə pisləyir. Moldova rəsmisi ortaq keçmişimizi unutmamağı, belə hadisələrdən sonra sülhə daha da böyük qiymət verildiyini söyləyib.

Türkiyənin Moldovadakı səfiri Uyğur Mustafa Sərtəl çıxışında Azərbaycan xalqının 20 Yanvarda göstərdiyi vətənpərvərlik, iradə və şücaətin ən böyük hörmətə layiq olduğunu bildirib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu, dövlətimizin azadlığı, xalqımızın birliyi və həmrəyliyinə gedən yolda mühüm rol oynadığını söyləyib. O, həmçinin qeyd edib ki, milyonlarla həmyerlimiz hadisənin səhəri günü Azadlıq meydanında toplaşaraq, xalqımızın sovet cəlladları qarşısında əyilməz və qorxmaz olduqlarını nümayiş etdiriblər.

Diasporun fəal nümayəndəsi, şair Yasin Seyid 20 Yanvarda ölkəmizin müstəqilliyi yolunda canlarından keçən şəhidlərimizin Azərbaycan xalqının qəlbində daim yaşayacaqlarını qeyd edib.

Qeyd edək ki, səfirliyin önündə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Qanlı Yanvarda törədilmiş və görünməmiş qəddarlığı əks etdirən tarixi foto şəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.


  • 20-01-2023, 22:31