"Azərbaycan prezidenti İlham Əliyev son mətbuat konfransında həm Qarabağ, həm də Ermənistan ilə bağlı bir sıra bəyanatlar verdi. Amma nə baş nazir, nə də digər şəxslər İlham Əliyevin həmin bəyanatına cavab vermədi. Sadəcə olaraq Ermənsitan Xarici İşlər Nazirliyinin sözçüsü səviyyəsində iki gün gecikən mülayim reaksiya oldu".
Missiya.Az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu sözləri erməni alim Tatevik Ayrapetyan deyib.
"Ermənistan hakimiyyəti nəyin bahasına olursa olsun Qarabağ məsələsindən qurtulmaq istəyir. Onlara elə gəlir ki, belə bir qərar Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bu, anlaşılmazlıq, tarixi və siyasi cəhalətdir. Azərbaycan Xankəndi məsələsini həll edəndən sonra Sünikə keçəcək. Onda ümumiyyətlə Ermənistanın mövcudluğu şübhə altına alınacaq", - deyə Ayrapetyan bildirib.
Ayrapetyan qeyd edib ki, bu gün Azərbaycan lideri Ermənistanın bütün ərazisini Qərbi Azərbaycan adlandırır:
"Problem daha ciddi və genişdir. Ancaq hakimiyyət başqa siyasi xəttdədir, bu da bizim milli və dövlət maraqlarımıza uyğun gəlmir. Separatçı rejimin dövlət naziri Ruben Vardanyan çoxları üçün lazımsız “fiqur”dur. Şüur olmalıdır ki, biz daxili ambisiyaların arxasınca getsək, nəinki Qarabağı itirəcəyik, həm də ölkəmizin təhlükəsizliyini sual altına qoyacağıq. Təkcə onu deyim ki, separatçı rejimdə Vardanyanın vəzifədən uzaqlaşdırılması və ya növbədənkənar seçkilərlə bağlı söhbətlər Azərbaycan üçün hədiyyədir. Azərbaycan seçkilərin keçirilməsinə imkan verməyəcək və öz nizamını yaratmağa çalışacaq", - deyə erməni alim vurğulayıb.
Erməni alimin sözlərinə görə Azərbaycanın media sahəsində Xankəndidəki rejimin daxili siyasi prosesləri çox fəal müzakirə olunur:
"Mövzu ilə bağlı çoxlu proqramlar və müsahibələr təşkil olunur. Aydındır ki, Azərbaycan Xankəndidə növbədənkənar seçkilərin keçirilməsinə imkan verməyəcək və lazım gəlsə belə, bunun qarşısını almaq üçün hərbi vasitələrdən istifadə edəcək. Əliyevin son mətbuat konfransı sübut etdi ki, Azərbaycan geri addım atmaq fikrində deyil, üstəlik, ilgəyi getdikcə daha da sıxacaq. Ermənistan buna hazır olmalıdır. Azərbaycan öz planlarından çox aydın danışır. Heç nə gizlətmir. Etməli olduğumuz tək şey ağıllı olmaq və hazırlaşmaqdır. Amma təəssüf ki, biz bunu edə bilmirik", - deyə Ayrapetyan əlavə edib.