Bu gün saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və 1977-ci il təvəllüdlü Mahidə Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Missiya.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.
İlkin araşdırma nəticəsində Elxan Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə arvadı Mahidə Əsədovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.