Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakı türk dövlətləri arasında münasibətlərin daha da inkişafı baxımından yeni siyasi əhəmiyyət kəsb etdi. Birinci Zirvə Görüşü ölkələrimiz, xalqlarımız arasında əlaqələrin güclənməsinə xidmət etməklə yanaşı, türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfədir.
Üçtərəfli Zirvə Görüşündə çıxış edən cənab Prezident demişdir: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”.
Zirvə toplantısında imzalanan “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” üç qardaş ölkənin yeni mərhələyə qədəm qoyan əlaqələrində yeni hədəflərə yol açmış oldu.
Bu Zirvə görüşü dünyaya verilən mühüm mesajlarla yadda qaldı, türk dövlətləri arasındakı ittifaqın sarsılmaz köklərə söykəndiyini bir daha aydın surətdə göstərdi. Müzakirələr zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev türk dövlətləri ilə əlaqələrə böyük önəm verdiyini vurğulamış və xarici siyasətində Azərbaycanın daim Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanla qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə daim önəm verdiyini bildirmişdir.
Bütövlükdə, ölkə rəhbəri cənab İlham Əliyevin Türkmənistana səfəri Türkdilli dövlətlər arasında yüksələn dostluq və qardaşlıq əlaqələrinin daha bir uğuru kimi yaddaşlarda qaldı.
Bir sözlə, Üçtərəfli Zirvə Görüşü türk dövlətlərinə münasibətlərin dünəninə baxış fonunda qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq türk dövlətlərtlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlamaları yeni reallıqlar yaratmaqla gələcəyə yeni hədəflər açacaq. Bu, bir tərəfdən, Azərbaycanın dövlət kimi kifayət qədər güclü potensiala malik olduğunu göstərir, digər tərəfdən isə, onun beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq yüksəldiyini təsdiqləyir.
Arzu Abdullayev
Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər”
kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru