AZ   |   RU
Lavrovdan ermənilərə cavab: “Bu, Azərbaycanla razılaşdırılmalıdır”

“Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə qarşı ittihamlar əsassızdır”.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün səsləndirdiyi “Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir” ittihamını şərh edərkən deyib.

“Əgər kimsə düşünürsə ki, Qarabağdakı Rusiya sülhməramlılarını BMT, ATƏT və ya hansısa Minsk qrupunun sülhməramlıları əvəz etməlidir, o zaman bu, tərəflər ilk növbədə Azərbaycanla razılaşmalıdır”, - Lavrov bildirib.

Lavrov qeyd edib ki, İrəvan və Bakı Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masasına oturub başqa variant üzərində düşünə bilərlər. 

Laçın dəhlizi ilə bağlı məsələyə toxunan Lavrov bu sözləri deyib: “Rusiya sülhməramlıları Qarabağda minalarla bağlı yaranmış ziddiyyətlərin aradan qaldırılması və vəziyyətin nizamlanması üçün mütəmadi olaraq çalışırlar. Moskva sabit və ədalətli sülhün bərqərar olmasında maraqlıdır”.

Rusiyalı diplomatın sözlərinə görə, bugünkü danışıqlarda üçtərəfli bəyanatların icrası ilə bağlı vəziyyət təhlil edilib, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası məsələsi müzakirə olunub: :Bakının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı təklifləri hüquqi sənəd üçün əsas yaradacaq”.
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 23-12-2022, 17:49