Misir hökuməti tədqiqat işlərinə, həmçinin ölkədə yeni neft və qaz yataqlarının kəşfiyyatına 8 milyard ABŞ dolları ayırıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Misirin neft və mineral resurslar naziri Tarek əl-Mulla bildirib.
“Nazirlik ölkə ərazisində neft və qazın tədqiqi, kəşfiyyatı, eləcə də hasilatı sahəsində fəaliyyətini davam etdirəcək. Hökumət yeni yataqların tədqiqi və kəşfiyyatı üçün 8 milyard dollar ayırmağı planlaşdırıb”, - o deyib.
Nazir qeyd edib ki, Misir tərəfi kəşfiyyat və xammal ehtiyatlarının təsdiqi prosesini sürətləndirmək üçün beynəlxalq şirkətlərlə koordinasiya yaratmağa çalışır. O, hökumətin planına əsasən, ölkədə artıq 118 quyunun müəyyən edildiyini və onların ilkin istismara hazır olduqlarını vurğulayıb.
Əl-Mulla bu yaxınlarda Aralıq dənizinin Misir şelfində böyük qaz yatağının (“Nərgiz”) kəşf edildiyini təsdiqləyib, hazırda onun ehtiyatlarının ekspertlər tərəfindən qiymətləndirildiyini və dəqiq məlumatların daha sonra ictimaiyyətə açıqlanacağını söyləyib. O əlavə edib ki, təbii qazın həcminə görə yeni yataq 2015-ci ildə kəşf edilmiş və Misirin əsas yatağı olan “Zohr” ilə müqayisə oluna bilər. “Zöhr” yatağının ümumi potensialı isə 850 milyard kubmetr səviyyəsində qiymətləndirilir.