AZ   |   RU
Baş katib: Türk dövlətləri olaraq Qarabağı inkişaf etdirməyə borcluyuq
"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi əsas məqsədlərimizdən biridir.

Bunun üçün ölkələrimiz arasında nəqliyyat-logistika sahələrini genişləndirmək vacibdir. Səmərqənddə keçirilən Zirvə Görüşündə bu sahə üzrə çox mühüm müqavilə imzalandı. Bu müqavilə nəqliyyat sahəsi üzrə böyük layihələri əhatə edir ki, onlardan biri də Çin, Qırğızıstan və Özbəkistan arasında inşasına başlanılacaq dəmir yolu xəttidir.

Bütün bunlar birgə fəaliyyətimizin ayrı-ayrı seqmentləridir. Burada Zəngəzur dəhlizinin vacib əhəmiyyətini də vurğulamaq lazımdır. Bu dəhlizin açılması yalnız türkdilli dövlətlər üçün deyil, həm də bölgənin inkişafı baxımından mühümdür"

Missiya.Az
xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev deyib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə layihələri və fəaliyyətləri haqqında danışan Baş katib ortaq dəyərlərin qorunub saxlanılmasının vacibliyini vurğulayaraq deyib: “Türk Dövlətləri Təşkilatı nəzdində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də ortaq əlifbadır. Lakin ortaq dilimiz bizim üçün əsasdır. Artıq ortaq tarix, ortaq coğrafiya dərsliklərimiz hazırdır və istifadə olunur. Bizim ortaq tariximiz, mədəniyyətimiz, dilimiz və coğrafiyamız ölkələrimiz üçün əsas amildir”.

Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa-yenidənqurma işlərinə toxunun Baş katib bildirib ki, Qarabağın yenidən qurulması çərçivəsində Azərbaycan dövlətinin bölgəyə investisiyaların cəlb edilməsi ilə bağlı gördüyü tədbirlər türkdilli dövlətlər tərəfindən çox müsbət qarşılanır. TDT olaraq üzv ölkələrimiz tərəfindən bu istiqamətdə görülən bütün tədbirlərə töhfə verəcəyik. Türkdilli dövlətlər olaraq biz bölgəni inkişaf etdirməyə borcluyuq.

  • 8-12-2022, 23:19