“Xorvatiya Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının yekdil dəstəyini alıb - 2023-cü il yanvarın 1-dən biz də Şengen Sazişinin üzvü oluruq”.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç tviter səhifəsində yazıb.
Xatırladaq ki, noyabrda Avropa Komissiyası Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə qoşulmağa hazır olduğunu elan etmiş və Avropa İttifaqı Şurasına bu qərarı təsdiq etməyi tövsiyə etmişdi.
AK-nin rəsmi saytındakı press-relizdə qeyd olunub ki, Şengen zonasının daxili sərhəd nəzarəti olmadan genişləndirilməsi xarici sərhədlərin gücləndirilmiş mühafizəsi və hüquq-mühafizə orqanlarının effektiv əməkdaşlığı vasitəsilə Avropanı daha təhlükəsiz edəcək. Güman edilir ki, Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə daxil olması işgüzar əlaqələri də asanlaşdıracaq.