İranın Azərbaycana qarşı yürütdüyü siyasətin kökündə fars şovnizminin xislətinə xas olan məkrli niyyətin dayandığı uzun illərdir aksioma çevrilib və təbii ki, isbata ehtiyacı yoxdur.
İranda yaşayan azərbaycanlılara qarşı fars hakimiyyətinin uzun illərdir tətbiq etdiyi qəddarlıq, amansızlıq da bütün dünyanın gözü qarşısında baş verir. İslam pərdəsi altında dinin mübarək şərtlərini pozaraq hərisliyinin qurbanına çevrilən molla rejimi bu dəfə çöküş dövrünü daha da sürətləndirib. Çıxılmazllq girdabına düşən İranın Ali Rəhbəri Seyid Əli Xamenei isə elə zənn edir ki, özünü azərbaycanlı kimi qələmə veməyə cəhd göstərməklə, bu şaiyəni tirajlatmaqla həqiqəti gizlədə biləcək. Məqsəd Güneydə haqqı, hüququ uğrunda mübarizəyə qalxan azərbaycanlıların etirazını "mən də sizdənəm" yalanı ilə yatırmaq, İranın ermənilərə verdiyi terrorizm dəstəyini özündə əks etdirən danılmaz faktları uydurulan şaiyə ssenarisi ilə ört-basdır etməkdir.Birincisi, Xamenei nə qanıyla, nə canıyla, nə əməli ilə azərbaycanlıdır. Onun Azərbaycan dilində danışmasını rəngsiz bayrağa çevirənlər isə həm savadsız, həm də səbatslzlardır. Minlərlə fars var ki, bizim dildə danışır, yaxud, bir şəxsin başqa dildə danışması onun həmin dilin daşıyıcısı olan xalqın kökündən olduğu anlamına gələ bilməz.
İkincisi, Xamenei necə azərbaycanlıdır ki, onun siyasi əməllərinin quruluşunu təşkil edən atomlar Azərbaycana qarşı tuşlanıb.
Üçüncüsü, insan törətdiyi əməli ilə tanınar, milliyyəti ilə yox.
Xamenei konkret azərbaycanlı ola bilməz. Əks təqdirdə eyni dinə, eyni müqəddəs kitaba, eyni Allaha, əgər azərbaycanlıdırsa, eyni dilə, tarixi qonşuluq bağlarına məhəl qoymadan Azərbaycana qarşı terrorçuluq etmiş və hələ də davamlı silahlı münaqişələr yaradan Qarabağdakı separatçı ermənilərə, regionda sülhün təşəkkül tapmasına imkan verməyən işğalçı damğalı Ermənistana hər vəclə dəstək verməzdi.
Buyurun, Xomeneinin anti - azərbaycanlı əməllərinin bir daha şahidi olun:
Müxtəlif istiqamətlər üzrə xeyli danılmaz faktlar sadalamaq olar. Güneyli azərbaycanlılara qarşı milli kimlik konteksində tətbiq olunan assimilyasiya, onların hüquq və azadlıqlarının vəhşicəsinə tapdanması, qətlə yetirilmələri və bu kimi dəhşətli davranış üsulunun tətbiqi fars şovnizminin, onun fars Ali Rəhbərinin xislətinin mənzərəsini aydın göstərir.
Miskin mənzərədə bütün ştrixləri ilə hər yerdən görünən qara ləkə isə İranın Azərbaycan əleyhinə Ermənistan terrorizminə verdiyi dəstəkdir. Belə münasibətin detallarına varanda ssenari müəllifinin İranın Ali Rəhbəri Seyid Əli Xamenei olduğu üzə çıxır.
Azərbaycan torpaqlarının işğalı dövründə sərvətlərimizi, evləri, tarixi və dini abidələri erməni terrorçularıyla birgə talan edən, istismara məruz qoyan, bu vandallıqdan diqqəti yayındırmaq, ermənilərin “tolerant” obrazını yaratmaq məqsədi ilə İrəvanda, Şuşada məscid bərpa etdirmək görüntüsünə bürünən fars rejimi işğaldan sonra da çirkin əməlindən əl çəkmir. Hansısa bir ölkəni təmsil edən şirkətin Azərbaycan ərazisinə icazəsiz daxil olması beynəlxalq və yerli qanunlarla qəti qadağandır, cinayət əməlidir. Bu qadağa həmişə qüvvədə olub, əbədi hökmünü saxlayacaq. İransa hələ də cinayətini törətməkdə davam edir: hazırda Xankəndində məskunlaşan erməni separatçıları – rus sülhməramlıları – fars şirkətlərinin birgə planı əsasında Azərbaycana məxsus ərazilərdəki faydalı qazıntılar istismar olunur, qeyri-qanuni iqtisadi fəaliyyət göstərilir, terrorçulara İran istehsalı olan silahlar verilir, təlimlər keçilir, diversiya qrupları formalaşdırılır, Qarabağda ermənilərin növbəti terror hücümları hazırlanır.
Xankəndinə gəlmiş İran İslam Respublikası vətəndaşları olan əvvəlcə 14, iki gün sonra 13 nəfərin şəxsiyyət vəsiqələrinin mətbuatda yayılıb.
Onların bütün hərəkətləri xırda detallarına qədər Azərbaycan tərəfinə xırda məlumdur. Birinci dəstən noyabrın 24-də 34 QA 444 nömrə nişanlı "Mersedes-Benz” avtomobili ilə keçib. 14 nəfərdən 12-sinin İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindən gəldiyi təsdiqlənib. İzehin Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. 6 gün sonra Xankəndində peyda olan daha 13 iranlı da eyni marşrut üzrə gəlib.
Xamenei xeyir-duasının təzahürüdür. İranın idarəçiliyini əlində cəmləşdirən bu şəxs Zəngəzur dəhlizinin açılmasını, regionda sülhün bərqərar edilməsini istəmədiyini açıq mətnlə bildirir. “Zəngəzur dəhlizi bizim üçün qırmızı xəttdir” ifadəsi onun dilindən səslənib.
Qırmızı həm də qan rəngidir. Öz ölkəsini qana çalxayan Xamenei eyni vəziyyətin Azərbaycan ərazilərində, xüsusən Qarabağda hökm sürməsinə ciddi-cəhdlə çalışır.
Təbii ki, 28 illik işğala 44 gün ərzində son qoymağı bacaran Azərbaycan yaşanan özbaşınalığın nəticəsindəki müvəqqəti xaosu dağıdacaq, həmin ərazilərdə azad edilən digər yurdlarımızdakı kimi səliqə səhman yaradılacaq. Artıq proses başlayıb. Monitorinq qrupu Şuşadadır, Xocalıdadır, məqsəd torpaqlarımıza kənar müdaxiləyə son qoymaqdır. Sülhməramlılar qanuni məramları ilə uyğun gəlməyən əməllərinin ifşa olunduğunu anlayıblar.
Komandan general-mayor Andrey Volkovun açıqlaması isə “üzürü günahından betər” effekti yaratdı: nəzarət etməyi bacarmadıqlarını söylədi. Məhz buna görə Azərbaycan həmin missiyanı üzərinə götrüməyə hazırdır. Rəsmi Bakının niyyəti də, əməli də sülhməramlıdır. Birgə nəzarət tətbiq olunsa, İranın Xameneisi də rahatlıq tapar. Yoxsa o yaşda, o düşüncədə xılt içindəki o cür ölkədə, müşaviri Əli Əkbər Vilayətiyə “Azərbaycan xalqı bizim gözümüzün nurudur” hiyləgərliyini öyrədəcək səviyyədə Ali Rəhbər olmağın əzabına Azərbayacana qarşı oyunlar qurmaq ağırlığını da əlavə etməklə bu adam həm özü məhv olar, həm ölkəsini süquta uğradar.
Azərbaycan seqmentinə aid sosial şəbəkə hesablarında az da olsa Xameneinin özünü azərbycanlı adlandırmasına inananların status və rəylərinə rast gəlinir. Qarabağı və rayonlarımızı Ermənistanın 28 illik işğalından azad edən dövlətin və xalqın övladına erməni terrorçularına sadaladığımız faktlardan yüz dəfələrlə artıq dəstək verən İran molla rejiminin rəhbərini azərbaycanlı kimi qəbul etməsi yaraşmır, belə düşüncə ikrah yaradır.
Jurnalist Ekspert Mərkəzi