Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 7 dekabrda Şirvan şəhərində vətəndaşları qəbul edib.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçirilir.
Görüşdən öncə nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaş qəbulunda Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.
Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.